Livanın gənclər və idman naziri ilə MOK-un vitse-prezidenti arasında görüş keçirilib

Livanın gənclər və idman naziri ilə MOK-un vitse-prezidenti arasında görüş keçirilib
Bu gün Azərbaycanda olan Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə arasında görüş keçirilib. SİA-nın məlumatına görə, Ç.Hüseynzadə MOK-un yaranma tarixindən, fəaliyyətindən, Azərbaycanda idman sahəsinin inkişafı istiqamətində görülmüş işlərdən, əldə olunmuş nailiyyətlərdən danışıb.
O, ümummilli lider Heydər Əliyevin Azərbaycan idmanına göstərdiyi diqqəti vurğulayaraq, bu qayğının hazırda MOK-un prezidenti, ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Ç.Hüseynzadə Sinqapurda  təşkil olunan yeniyetmələr arasında Yay Olimpiya Oyunlarında 12 Azərbaycan idmançısının iştirak etdiyini, onlardan 8-nin ölkəmizə medalla döndüyünü xatırladıb.
Daha sonra çıxış edən livanlı nazir öz ölkəsində son dövrlərdə idmana diqqətin daha da artdığını qeyd edib. Ölkəmiz bu sahədə əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirən nazir Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə