Azərbaycan Premyer Liqasının XIV turu öncəsi komandalarda son vəziyyət

Azərbaycan Premyer Liqasının XIV turu öncəsi komandalarda son vəziyyət

Bu gün Azərbaycan Premyer Liqasının XIV turuna start veriləcək. SİA-nın məlumatına görə, turun ilk günündə "Bakı" MOİK-in, "Gəncə" "Simurq"un, "Turan" "İnter"in qonağı olacaq, sonuncu günündə isə AZAL "Qarabağ"ı, "Neftçi" "Qəbələ"ni, "Xəzər Lənkəıran" isə "Muğan"ı qəbul edəcək.

Turöncəsi komandalarda olan son vəziyyət:

Turun ilk oyun günündə "İnter" Bakıda "Turan" komandasını qəbul edəcək. Son iki oyunda "Neftçi" və "Qəbələ" ilə heç-heçə edən çempion "İnter" turnir cədvəlində irəliləmək üçün Tovuz təmsilçisi ilə qarşılaşmada mütləq qələbə əzmindədir. Gürcü mütəxəssis Revaz Dzodzuaşvilinin gəlişindən sonra oyununda irəliləmə hiss olunan "Turan"ın son turda "Gəncə" üzərində əzmkar qələbə qazandığını da vurğulamaq lazımdır.

Günün digər oyununda isə paytaxtın iki komandası – MOİK və "Bakı" klubları qarşılaşacaq.  Premyer Liqaya uğursuz başlamış, lakin getdikcə öz oyununu tapan ölkə kubokunun son qalibi "Bakı" turnir cədvəlində 7-ci pilləyədək irəliləyə bilib. Premyer Liqanın autsayderi MOİK-lə görüşdə qələbə qazanacağı təqdirdə Vinfrid Şeferin yetirmələri ilk "altılığa" düşmək üçün yaxşı şans əldə bilərlər.

Şənbə gününün son oyununda isə Zaqatalada "Simurq" Gəncə şəhərinin eyniadlı komandasını qəbul edəcək. Xatırladaq ki, Azərbaycan Premyer Liqasının açılış oyununda Gəncədə keçirilən qarşılaşmada komandalar 1:1 hesablı bərabərliyə nail olmuşdular. Qeyd edək ki, "Simurq" əsasən gənc futbolçulardan təşkil olunub. Ötən mövsüm I Divizionun qalibi olaraq Premyer Liqaya vəsiqə qazanan "Gəncə" cari mövsümdə "İnter" və "Xəzər Lənkəran" kimi klubları məğlub edə bilib. Son iki oyunda müvafiq olaraq "Bakı" və "Turan" klublarına məğlub olan "Gəncə" klubunun "ilk altılığa" düşmək üçün "Simurq"la oyunda qələbə qazanması vacibdir.

Azərbaycan Premyer Liqasının XIV turunun digər üç oyunu bazar günü keçiriləcək. Günün açılış oyununda AZAL Ağdamın "Qarabağ" klubunu qəbul edəcək. Cari mövsümdə uğurlu çıxış edən AZAL turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Qeyri-stabil çıxışı ilə yadda qalan "Qarabağ" isə getdikcə liderlər qrupuna yaxınlaşmaqdadır.

Günün daha bir maraqlı oyunu "Neftçi" və "Qəbələ" komandaları arasında baş tutacaq. İlk dövrədə rəqibini 2:0 hesabı ilə məğlub edən Arif Əsədovun yetirmələri turnir cədvəlində liderliyini qorumaq əzmindədirlər. Qeyd edək ki, "Neftçi" cari mövsümdə doğma meydanda məğlub olmayıbsa, "Qəbələ" son 7 oyunda meydanı məğlubiyyətsiz tərk edib. "Neftçi" ilə vacib oyun öncəsi "Qəbələ"nin iki əsas hücumçusu Deon Bartonun və Branimir Subaşiçin zədə ucbatından oynaması sual altındadır.

XIV turun daha bir oyunu Lənkəranda keçiriləcək. Mirça Rednikin rəhbərlik etdiyi "Xəzər Lənkəran" doğma azarkeşlər önündə Salyanın "Muğan" klubunu qəbul edəcək. Xatırladaq ki, ilk dövrədə Salyanda bu komandalar arasında keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatmışdı. Son 6 oyunda qələbə qazana bilməyən "Muğan" bazar günü keçiriləcək qarşılaşmaya Bəhmən Həsənovla hazırlayacaq. Belə ki, son turda doğma meydanda "Neftçi"yə 0:3 hesabı ilə məğlubiyyətdən sonra "Muğan"ın baş məşqçisi Almir Hurtiç istefa vermişdi. Qeyd edək ki, turnir cədvəlinin lideri "Neftçi"dən üç xalı geri qalan "Xəzər Lənkəran" cari mövsümdə doğma meydanda məğlub olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə