Zaur Həşimov: "Komandanın qələbəsi üçün heç də mənim qol vurmağım vacib deyil"

Zaur Həşimov: "Komandanın qələbəsi üçün heç də mənim qol vurmağım vacib deyil"

İki gün sonra "Qarabağ" klubu AZAL-la qarşılaşacaq. Cari mövsümə uğurla  başlayan "təyyarəçi"lərlə görüşdə komandanın tək hədəfi qalibiyyətdir. Çempionatın ilk yarısında qolsuz bərəbərliyə razılaşan tərəflərin mücadiləsində Ağdam təmsilçisi bu dəfə 3 xala köklənib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komanda 2007-ci ildən məğlub olmadığı rəqibini məğlub etməklə xal fərqini minimuma endirmək istəyir. "Qarabağ" - AZAL qarşılaşmasında heç şübhəsiz ən yadda qalan məqam 2007-2008-ci il mövsümünün sonuncu turuyla bağlıdı. O vaxt "Olimpik" adlanan komandaya "Qarabağ"dan bir xalın alınması çempionluq üçün kifayət edirdi. Amma komandadan Zaur Həşimovun 85-ci dəqiqədə vurduğu qol "Olimpik"in tarixində ilk dəfə "qızıl" medallara sahib çıxmasını əngəllədi.  Zaur hazırda da komandanın uğurları üçün tər tökür.

Z.Həşimov klubun rəsmi saytına verdiyi açıqlamada AZAL-la oyuna adi oyunlar kimi hazırlışdıqlarını qeyd edib: "Amma qələbə bizim üçün daha vacibdi. AZAL cari mövsüm olduqca uğurlu  çıxış edir. 2007-08 mövsümündə vurduğum qola gəlincə, o qol çox baxımlı alınmışdı. Həm də o vaxtdan AZAL-a uduzmamağımız  bizə heç də əlavə üstünlük vermir. Özü də o qoldan sonra çempionatda fərqlənə bilmirəm. Düzdü, o vaxtlar yarımmüdafiədə çıxış edirdim, qola daha yaxın olurdum. İndi sadəcə künc zərbəsi zamanı qol vurmaq imkanım olur. Amma komandanın qələbəsi üçün heç də mənim qol vurmağım vacib deyil. İnşallah, sabah qələbə qazanarıq. Təbii ki, qol vurmaq imkanım olsa buna çox sevinərəm".

 

Bütün xəbərlər Facebook səhifəmizdə