Milli Atçılıq Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib - FOTOLAR

Milli Atçılıq Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib - FOTOLAR

Bu gün "Elite Horse & Polo Club"da Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkil edəcəyi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Milli Atçılıq Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda ARAF-ın vitse-prezidenti, Təşkilat Komitəsinin üzvü Elşad Abbasov, federasiyasının baş katibi Bəhruz Quliyev, Təşkilat Komitəsinin sədri Bəsirət Quliyev, üzvləri Əbülfəz Məlikov, Natiq Zeynalov, İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Leyla Quliyeva iştirak edib.

Təşkilat Komitəsinin sədri B.Quliyev məlumat verib ki, 2-17 iyun tarixlərini əhatə edəcək festival çərçivəsində bir neçə yerli və beynəlxalq turnirlər baş tutacaq. Onun sözlərinə görə, festivalda atçılığın cıdır, konkur, çövkən, polo növləri üzrə yarışlar təşkil ediləcək.

Təşkilat Komitəsinin sədri vurğulayıb ki, festivalda Ümummili Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş yarış da keçiriləcək: "İyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri baş tutacaq. “Elite Horse & Polo Club”un yaşıl arenasında keçiriləcək turnir 2 kateqoriyadan ibarət olacaq. İlk kateqoriyada maneələrin hündürlüyü 125 sm, ikinci kateqoriyada isə 145 sm-dir. Yarışların ümumi mükafat fondu 34 000 manat təşkil edəcək".

O, yarış iştirakçılarına uğurlar arzulayıb.

Təşkilat Komitəsinin üzvü Elşad Abbasov qeyd edib ki, festival cıdır yarışları ilə başlayacaq və yarışlarda bütün milli klublar iştirak edəcək: “İyunun 2-si Binə Atçılıq Mərkəzində Cıdır üzrə “100 İllik Yubiley Kuboku” keçiriləcək. Kubok uğrunda 24 at və jokeyin iştirakı gözlənilir. Tədbirə gələcək qonaqlar, ölkədə fəaliyyət göstərən atçılıq idman klublarının üzvlərinin iştirakı ilə parad izləmək imkanını da əldə edəcəklər. Cıdırın ümumi mükafat fondu 15 000 manatdır”.

O bildirib ki, Təşkilat Komitəsi festivalın açılış mərasiminin möhtəşəm təşkil edilməsi və yaddaqalan olması üçün böyük səy göstərir. Festival çərçivəsində bir çox məşhur müğənnilər də çıxış edəcəklər.

E.Abbasovun sözlərinə görə, yarışlarda Qarabağ və Dilbaz atlarına üstünlük verilib: “Ancaq ikinci yarışda ingilis atları da iştirak edəcək. Üçüncü hissədə isə 4 yaşdan yuxarı Qarabağ və Dilbaz atları yarışacaq”.

Çövkən yarışları ilə bağlı isə Təşkilat Komitəsinin üzvü Natiq Zeynalov danışıb. O, son illər çövkən milli atçılıq oyunun bütün dünyada yayılmağa başladığını və inkişaf etdiyini bildirib.

N.Zeynalov deyib: “5, 6, 7 və 9 iyunda Çövkən Milli Atüstü Oyunu üzrə “100 İllik Yubiley Kuboku” turniri keçiriləcək. Turnirdə ümumilikdə 8 komanda iştirak edəcək. 5 və 6 iyun tarixlərində oynanılacaq təsnifat mərhələlərinin ardından 7 iyun tarixində yarımfinal oyunları təşkil olunacaq. 9 iyun tarixində isə 3-cülük uğrunda mübarizə və final oyunları ilə turnirə yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 50 000 manat təşkil edəcək”.

Təşkilat Komitəsinin digər üzvü Ə.Məlikov iyunun 15-17-də Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə artıq 6-cı dəfə ölkəmizdə Arena Polo üzrə Dünya Kuboku yarışlarının keçiriləcəyini bildirib: “Üç gün davam edəcək turnirdə ümumilikdə 6 oyun olacaq. Azərbaycanı təmsil edən Milli Polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club” komandasının bu turnirə qatılması, yarışları azarkeşlərimiz üçün xüsusilə maraqlı edəcək”.

O, polonun çövkən milli oyununun müasir forması və vətəninin Azərbaycan olduğunu bütün dünyanın bildiyini vurğulayıb.

Milli Atçılıq Festivalına həsr olunmuş videoçarx nümayiş edilib.

Daha sonra festival çərçivəsində keçiriləcək çövkən yarışlarının püşkatması olub. Püşaktmaya görə, ilk oyunlarda “Kövsər” - “Omar”, “Buta Golden” – “Murad “komandaları qarşılaşcaq.

“Kövsər” - “Omar” cütlüyünün qalibi “Ağstafa”, “Buta Golden” - “Murad” cütlüyünün qalibi isə Ağcabədi komandası ilə üz-üzə gələcək. “Kövsər - Omar” - “Ağstafa” matçının qalibi yarımfinalda “Polad”, “Buta Golden” - “Murad” - “Ağcabədi” qarılaşmasının qalibi isə yarımfinalda “Sərhədçi” komandası ilə üz-üzə gələcək. Ən güclülər finalda qarşılaşacaqlar.

Sonda may ayında Britaniya Kraliçası II Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə Azərbaycan nümayəndə heyətinin möhtəşəm şou proqramla çıxışına həsr olunmuş videoçarx nümayiş göstərilib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə