Sənan Qurbanov “Qəbələ”nin yeni baş məşqçisi oldu

Sənan Qurbanov “Qəbələ”nin yeni baş məşqçisi oldu

“Qəbələ”nin yeni baş məşqçisi müəyyənləşib. Klubun saytında yer alan xəbərə görə, ukraynalı Roman Qriqorçukun istefasından sonra boş qalan vəzifəyə Sənan Qurbanov təyin edilib. 38 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Futbolçu kimi “Qarabağ” (1998-2000), “Dinamo” (2000-03), “Şəfa” (2003), “Saypa” İran (2004), “MKT-Araz” (2004-05), “Şahdağ” (2005-06), “Qəbələ” (2006-07), AZAL (2007), ABN (2007-08), MOİK (2008), “Muğan” (2009) klublarında çıxış edən hücumçu Azərbaycanın həm gənclər, həm də əsas milli komandalarında forma geyinib. O, əsas yığmada 1 oyun keçirib. Qurbanov 2004-cü il martın 31-də Moldova ilə səfər matçında (1:2) meydana çıxıb.

Qurbanov futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyətə başlayıb. O, 2012-ci ilin yayından baş məşqçi kimi təyinatınadək “Qəbələ”nin əsas komandasında yardımçı məşqçi kimi fəaliyyət göstərib. 2014-cü ilin dekabrında Dorinel Muntyanu ilə yollar ayrıldıqdan sonra Qurbanov “qırmızı-qaralar”ı baş məşqçi kimi Premyer Liqada 3 matça çıxarıb. Bu oyunlarda “Qəbələ” 1 qələbə qazanıb, 2 heç-heçə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə