FİFA: "2022-ci ilin dünya çempionatının keçirilməsi hüququnun Qətərə verilməsi futbolçuların sağlamlığı üçün təhlükə yarada bilər"
Beynəlxalq Futbol Assosiasiyasının (FİFA) fikrincə, Rusiya, ABŞ və Avstraliyanın ərazilərinin geniş olması 2018 və 2022-ci illərdə bu ölkələrdə dünya çempionatlarının yüksək səviyyədə keçirilməsi üçün çətinliklər yarada bilər.
SİA-nın məlumatına görə, FİFA-nın məruzəsində deyilir ki, Rusiya ərazisinin ucsuz-bucaqsız olması, onun digər ölkələrdən uzaq məsafədə yerləşməsi, habelə yüksək sürətli avtomagistralların, böyük məsafələrə gediş-gəliş üçün alternativ yolların çatışmazlığı aviasiya infrastrukturunun həddən ziyadə yüklənməsinə, çətinliklərə gətirib çıxaracaqdır.
FİFA 2022-ci ilin çempionatına namizəd olan ABŞ və Avstraliyaya münasibətdə də bu şübhələrin olduğunu bildirib.
2018-ci ilin çempionatının keçirilməsi uğrunda mübarizədə Rusiyanın əsas rəqibi sayılan İngiltərənin ərizəsi isə rəğbətlə qarşılanmış, yalnız milli yığmalar üçün məşq meydançaları və nümayəndə heyətlərinin yerləşdirilməsi ilə bağlı bəzi problemlərin ortaya çıxa biləcəyi vurğulanıb.
FİFA-nın fikrincə, 2022-ci ilin dünya çempionatının keçirilməsi hüququnun Qətərə verilməsi futbolçuların sağlamlığı üçün təhlükə yarada bilər. Belə ki, İran körfəzi sahillərində yerləşən bu ölkədə ilin ən isti dövrü məhz iyun-iyul aylarına düşür.
2018-ci ilin çempionatının keçirilməsinə İngiltərə, Rusiya, birgə ərizə verən Niderland/Belıçika, İspaniya/Portuqaliya, 2022-ci ilin çempionatına isə ABŞ, Avstraliya, Cənubi Koreya, Qətər və Yaponiya namizəddirlər. Hər iki birinciliyə ev sahibliyi edəcək ölkələrin adları dekabrın 2-də məlum olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB