Hokkeyçilərin Bakı açıq birinciliyi başa çatıb

Hokkeyçilərin Bakı açıq birinciliyi başa çatıb

Otüstü hokkey üzrə 13-14 yaşlı  oğlanlar arasında  Bakı açıq birinciliyi başa çatıb. SİA-nın məlumatına görə, yarışda Sumqayıt şəhərindən və paytaxtdan hər birindən 2 komanda dairəvi sistemlə mübarizə aparıb. İlkin mərhələdə "Atasport- Binə" bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. Sumqayıtın Uşaq-Gənclər İdman Məktəbinin komandası 2-ci olub. İlk iki oyunda məğlub olan Bakının və Sumqayıtın "Təhsil" komandalarının əyani qarşılaşmasında sumqayıtlılar 6:0 hesabı ilə qələbə qazanıblar. Əsasnaməyə görə ilkin mərhələdə III və IV yerləri tutanlar  "bürünc" mükafat, I və II yerlərə layiq görülənlər isə qalib adı uğrunda əlavə görüşdə qarşılaşmalı olublar. Əvvəlcə iştirakçılar III yerin sahibini müəyyənləşdiriblər. Noyabrın 14-də Sumqayıtın və Bakının  "Təhsil" komandaları arasındakı oyunda qalib gələn sumqayıtlılar əsas finalda da qələbə qazanmağı bacararaq "bürünc" medalları özlərinə təmin ediblər. İlkin mərhələnin son turunda Sumqayıt UGİM-ni 3:0 hesabı ilə məğlubiyyətə uğradan "Atasport-Binə"  klubu təkrar görüşdə rəqibinə müqavimət göstərə bilməyərək 0:2 hesabı ilə uduzub.
Yekunda 4 komandanın iştirakı ilə keçirilən Bakının açıq birinciliyində UGİM (Sumqayıt) birinci, "Atasport-Binə" II, "Təhsil" (Sumqayıt)  III, "Təhsil" (Bakı) isə IV yerləri tutublar.
Yarış başa çatandan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandaya kubok, diplom və medallar təqdim olunub. Digər 2 yeri tutanlar da diplom və medallarla təltif ediliblər. Yarışın Təşkilat Komitəsi 3 nominasiya üzrə ən yaxşı oyunçuları da mükafatlandırıb. Əfqan Mahmudov (UGİM Sumqayıt) "Ən məhsuldar oyunçu" (9 qol), Anar Abdullayev ("Atasport-Binə) "Ən yaxşı oyunçu", Xəyal  Məmmədli  isə "Ən yaxşı qapıçı" adına layiq görülərək xatirə hədiyyələrinə layiq  görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə