DÇ-nin ilk günündə təmsilçilərimiz 7 medal qazanıblar - FOTOLAR

DÇ-nin ilk günündə təmsilçilərimiz 7 medal qazanıblar - FOTOLAR

Bakı İdman Sarayında idman kapoeyrası üzrə dünya çempionatının birinci günü yekunlaşıb. SİA-nın məlumatına görə, yarışın ilk günündə uşaqlar və yeniyetmələr bacarıqlarını nümayiş etdiriblər.

Çempionatda 10-12 yaşlı qızların yarışında ölkəmizi təmsil edən Gülçöhrə Abbasova, oğlanların yarışında isə Turan Eldarov final mərhələsində məğlub olaraq gümüş medalla kifayətləniblər. Həmçinin 13-15 yaşlı qızların yarışında Zeynəb İslamova gümüş, oğlanların mübarizəsində Mirhəsən Əliyev qızıl medal qazanıblar. Səftər Süleymanov və Azər Orucov isə bürünc medallara layiq görülüblər. Günün sonunda isə 16-17 yaşlıların yarışında Mirnihad Ağayev ikinci yerdə qərarlaşıb.

Beləliklə, dünya çempionatının birinci günündə Azərbaycan təmsilçiləri 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar.

Ümumdünya Kapoeyra Federasiyasının (WCF), Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə keçirilən çempionat Azərbaycanın Braziliyadakı və Braziliyanın Azərbaycandakı səfirlikləri tərəfindən dəstəklənir. Dünya çempionatına 40-dan çox ölkədən idmançılar qoşulublar. Yarışa, həmçinin dünyanın 12 ən iri kapoeyra qrupu və onların qrand masterləri də qatılıb. Azərbaycan çempionatda müxtəlif yaş kateqoriyaları üzrə 25 idmançı ilə təmsil olunur.

Dünya çempionatına bu gün (12 may) yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə