“Azərbaycan” nəşriyyatında şahmat turnirinin qalibləri mükafatlandırılıb - FOTOLAR - VİDEO
Bu gün “Azərbaycan” nəşriyyatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə jurnalistlər arasında keçirilən ənənəvi şahmat turnirinin qalibləri mükafatlandırılıb. SİA-nın məlumatına görə, “Azərbaycan” nəşriyyatının, Azərbaycan Şahmat Federasiyasının, Milli Olimpiya Komitəsinin və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının dəstəyi ilə keçirilən yarışın mükafatlandırma mərasimində "Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin ölkə idmanının inkişafında misilsiz xidmətlərindən danışıb. O, Ulu Öndərin digər növlərlə yanaşı, şahmatın inkişafı, bu sahədə gənc istedadların yetişdirilməsi istiqamətində də böyük işlər gördüyünü vurğulayıb. A.Əsgərov Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
O, qalibləri təbrik edib.
Təşkilat Komitəsi adından A.Əsgərova Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı əks olunmuş şərf və Azərbaycanın Dövlət Gerbi əks olunmuş medal hədiyyə edilib.
“Azərbaycan” nəşriyyatının şöbə müdiri Afiq Vəlimətov bu turnirin 22-ci dəfə təşkil edildiyini, budəfəki yarışda 9 mətbuat orqanından 14 şahmatçının iştirak etdiyini deyib. Onun sözlərinə görə, "rapid" üsulu ilə təşkil edilən turnir Respublika Şahmat Mərkəzində beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin hakimliyi ilə keçirilib. Qaliblər yalnız axırıncı - 9-cu turdan sonra müəyyənləşib.
Dörd nəfər eyni - 7 xal topladığına və əmsallar da eyni olduğuna görə qalib elan olunublar.
Beləliklə, AZƏRTAC-ın əməkdaşı Ramiz Quliyev, "Metro" qəzetindən Rövşən Abbasov, "Azxeber.com" saytının əməkdaşı Mehdi Abbasov və "Sport-24.az" saytının əməkdaşı Ceyhun Əliyev birinci, veteran jurnalist Tofiq Ağayev ikinci, "Azərbaycan" qəzetinin əməkdaşı Ağali Məmmədov üçüncü olub.
Yarışda fəal iştirakına görə, AZƏRTAC-ın müxbirləri Samirə Allahverdiyeva, Elvin Camalov, “Olimpiya Dünyası” qəzetindən Azər Əlizadə və digərləri təltif olunublar.
"Azərbaycan” nəşriyyatının baş direktoru A.Əsgərov qaliblərə medal və diplom təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB