“Mingəçevir reqatası-2010”na 27 əcnəbi avarçəkən qatılacaq

“Mingəçevir reqatası-2010”na 27 əcnəbi avarçəkən qatılacaq

Sabah Mingəçevir şəhərindəki "Kür" Olimpiya Təlim-Tədris Mərkəzində start götürəcək akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə "Mingəçevir reqatası-2010" beynəlxalq turnirində iştirak edəcək qonaq komandaların tərkibi müəyyənləşib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, üç gün davam edəcək ənənəvi yarışa Gürcüstan, Rusiya və Ukraynadan ümumilikdə 27 avarçəkən qatılacaq.

Ən geniş nümayəndə heyəti Gürcüstandan gələcək. Bu ölkədən Mingəçevirə 16 idmançı, 2 məşqçi, eləcə də Gürcüstan Avarçəkmə Federasiyasının prezidenti Bejan Xurtsidze, baş katib Viktor Qrdzelişvili və daha bir rəsmi şəxs təşrif buyuracaq.

Rusiya turnirdə 4 akademik avarçəkən, 4 kayak və kanoeçi ilə təmsil olunacaq. Onlardan əlavə, 2 məşqçi, Rusiya Akademik Avarçəkmə Federasiyasının dövlət məşqçisi Nikolay Rusak, Rusiya Kayak-Kanoe Federasiyasının baş katibi İrina Sirayeva, kayak və kanoe üzrə yığma komandanın böyük məşqçisi Sergey Fyodorov da turniri izləyənlər arasında olacaqlar.

"Mingəçevir reqatası-2010"da Ukraynanı 3 avarçəkən təmsil edəcək. Eyni zamanda Ukraynanın "Dragon Boat" Federasiyasının prezidenti Aleksandr Bakanıçev də Mingəçevirə gələcək.

Qeyd edək ki, turnirə noyabrın 15-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə