Tərlan Əhmədov: "Vacib qələbə qazandıq" - MÜSAHİBƏ

Tərlan Əhmədov: "Vacib qələbə qazandıq" - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XXVI turunda səfərdə “Qarabağ”a qalib gələn (1:0) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Bizim üçün vacib 3 xal idi. Mübarizəli, istəkli oyun gördük. Görüş bolqollu da ola bilərdi. Üçüncü yer uğrunda mübarizə üçün vacib qələbə qazandıq. Bizə dəstək olan hamıya təşəkkür edirəm. Xüsusilə, sonadək bizi dəstəkləyən azarkeşlərə minnətdarlığımı bildirirəm.

- Əvvəl avrokuboklara düşməsəniz, istefa verəcəyinizi demişdiniz. İndiki məqamda istefa vermək mənasız olmaz ki?

- Onsuz da, mövsümün sonunda müqavilə müddətim bitir. Mənim qarşıma komandanın yaxşı oyun sərgiləməsi vəzifəsi qoyulmuşdu. Bu barədə mətbuatda müxtəlif xəbərlər dolaşır. Doğrudan da, insan bu söz-söhbətdən artıq bezir. Artıq öz-özümdən şübhələnirəm ki, bunu mən bacarmışam? Qalib olanda, şərik çox olur. Məğlub olanda isə yox. Qarşıda iki tur var. Bundan sonra qalıb-qalmayacağım bəlli olacaq. Ancaq bir də deyirəm, mən komandaya gələndə, qarşıma qoyulan əsas məqsəd 6-7-ci yerləri tutmamaq idi.

- Rəhbərlik sizə qalmağı təklif etsə, cavabınız nə olacaq?
- Mən komandaya gələndə, rəhbərliyə şərt irəli sürmədim. Hətta öz komandamı belə gətirmədim. Hər halda, təklif olsa, mənim də şərtlərim olacaq.

- Lukas Qomes sona yaxın iki yüzfaizli qol imkanını qaçırdı...

- Vurulan bütün zərbələr qol olsaydı, futbolun gözəlliyi olmazdı. Mirabdulla yorulmuşdu. Buna görə, onu əvəzlədim. Hər halda, Qomes irəli xətdə heç də pis təsir bağışlamadı.

- Klubdaxili münaqişə ilə bağlı mətbuatda yayılan xəbərlər doğrudur?
- Hər halda məlumat yayılıbsa, deməli doğrudur.

Bütün xəbərlər Facebook səhifəmizdə