Fərid Əhmədovun xatirəsinə həsr edilmiş Şahmat Turnirinə start verilib

Fərid Əhmədovun xatirəsinə həsr edilmiş Şahmat Turnirinə start verilib

10-11 Noyabr 2010-cu il tarixləri arasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Respublika Şahmat Mərkəzində tələbələr arasında "İgidliyə görə" medalı ilə təltif edilmiş, baş leytenant Fərid Əhmədovun xatirəsinə həsr olunmuş Şahmat Turnirinə start verib.

ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, turnir Dövlət və Özəl Ali Təhsil Müəssisələri daxil olmaqla 26 universitetdən 26 oğlan və 26 qızın iştirakı ilə keçib.

Turnir iştirakçılarının qarşısında çıxış edən Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Şəhriyar Mirzəyev onlara Fərid Əhmədov barəsində məlumat vermiş, onun şücaəti haqqında danışıb.

Qeyd edib ki, F.Əhmədov Qarabağ bölgəsində 2010-cu il sentyabrın 4-də Ermənistan ordusunun növbəti hücumunu dəf edərkən qəhrəmanlıq göstərərək şəhid olub. Ermənilər 2010-cu il noyabrın 6-da onun meyitini qaytarıb.

Tədbirin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canlarından keçmiş şahidlərin xatirəsini yad etmək, onları gənclərə tanıtmaq, eyni zamanda gənclərin asudə vaxtını düzgün təşkil etməkdən ibarətdir.

Qeyd edək ki, turnir noyabrın 11-nə qədər davam edəcək və 1-2-3-cü yerləri tutmuş tələbələr sertifikatlar və xatirə hədiyyələri ilə təltif olunacaqlar. Bu turnir ATGTİ–nin Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının və vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinə həsr etdiyi silsilə tədbirlərdən ikincisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə