Paytaxt Bakıda sayca 3-cü dəfə keçirilən Formula 1 yarışında və həmçinin axşam konsertlərində ümumilikdə 94 min tamaşaçı iştirak edib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) SİA-ya verilən məlumata görə, Formula 1-in ən sürətli şəhər halqasında baş tutan ötənilki yarışla müqayisədə bu il ümumi tamaşaçı iştirakında 31%, bilet satışında isə 21% artım qeydə alınıb. Bu il satılan biletlərin 77%-i yerli azarkeşlərin payına düşür.
Formula 1 Dünya Çempionatının 4-cü yarışında iştirak etmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı ötən illə müqayisədə 31% artıb. Mövsümün gözlənilməzliklərlə və həyəcanverici anlarla dolu yarışına şahid olmaq üçün dünyanın 78 ölkəsindən avtoidman həvəskarları Bakıya təşrif buyurublar. Ümumi bilet satışının təxminən dörddəbiri əcnəbi tamaşaçıların payına düşür.
Bakı Şəhər Halqasında üçüncü dəfə baş tutan yarış azarkeşlərin etimadını doğrulda bilib. Belə ki, həm yarışı yerində canlı, həm də bütün dünyada tele-yayım vasitəsilə izləyən milyonlarla tamaşaçı uzun müddət yaddaşlardan silinməyəcək mübarizənin şahidi olublar.
Yarışa qızğın mübarizəylə başlayan “Force India” komandasının pilotu Esteban Okon ilə “Williams” komandasının pilotu Sergey Sirotkinin elə birinci döngədəcə yarışı tərk etmələri, “McLaren” komandasının pilotu Fernando Alonsonun iki təkərlə mübarizəsi və “Red Bull” komandasının pilotları Daniel Rikkiardo ilə Maks Ferstappenin arasında gedən gərgin mübarizə və nəhayət qəza nəticəsində hər iki pilotun yarışı yarımçıq başa vurması Formula 1 azarkeşlərinə həyəcanlı anlar yaşadıb.
Təhlükəsizlik maşını “Haas” komandasının pilotu Roman Qrojan üçün fəlakət olub. Etdiyi səhv ucbatından Romanın baryerlə toqquşmasından sonra yarışın bərpası bir az da ləngiyib.
Bundan başqa, yaşıl işıq yandıqdan sonra yarışın bitməsinə bir neçə dövrə qalmış birinci döngədə “Ferrari” komandasının pilotu Sebastian Fettelin etdiyi manevr ona baha başa gəlib. Belə ki, dördqat dünya çempionu olan Sebastian Fettel “Mercedes” komandasının pilotu Luis Hamilton, yarışın lideri Valtteri Bottas, komanda yoldaşı Kimi Raykkonen və “Force India” komandasının pilotu Serxio Perezdən geri qalıb.
Bottasın təkərinin qəfil partlaması isə Hamiltona qələbə, Raykkonenə ikincilik və Perezə Bakıda üçüncülük, o cümlədən 2 dəfə podium qazandırıb. Beləliklə, Bakıdakı sonuncu Formula 1 yarışı da ötənilki yarış kimi uzun illər yaddaşlardan silinməyəcək.
Yarışdan əlavə, 2018 Formula 1 Azərbaycan Qran Prisi möhtəşəm Kristal Zalda dünya ulduzlarının iştirakı ilə baş tutan axşam konsertləri və əyləncə proqramı ilə də yadda qalıb. Cümə günü səhnəyə fank musiqisinin qabaqcıllarından olan Jamiroquai qrupu çıxıb. Daha sonra əfsanəvi DJ Afrojack-in təqdimatında baş tutan əyləncə proqramı gecə saatlarınadək davam edib.
Şənbə günü dünya ulduzu Kristina Aqilera öz repertuarının ən sevilən mahnıları ilə gecəyə rəng qatıb. Ardınca səhnəyə çıxan DJ Axwell /\ Ingrosso isə tamaşaçılara əyləncəli anlar yaşadıb. Qran Prinin son günündə “Brit Awards” müsabiqəsinin ikiqat qalibi Dua Lipa və ardınca çıxış edən DJ Martin Solveig möhtəşəm yarış və əyləncə həftəsonuna öz möhürlərini vurublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB