Bakıda F2 üzrə ikinci yarışa start verildi

Bakıda F2 üzrə ikinci yarışa start verildi

2018 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci əsas yarışa start verilib. SİA-nın məlumatına görə, yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar 45 dəqiqə ərzində uzunluğu 6 kilometr olan Bakı trekində 21 dövrə vuracaqlar.

Qeyd edək ki, Bakıda F2 pilotları əvvəlcə sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən ilk yürüşdə “Carlin” komandasının braziliyalı pilotu Serjiu Sette Kamara bütün rəqiblərini qabaqlayıb. O, 1 dəqiqə 54,136 saniyə göstərici ilə birinci yeri tutub. İkinci ən yaxşı nəticə “Campos Vexatec Racing”in italiyalı pilotu Luka Qyotto, üçüncü nəticə isə “MP Motorsport”un pilotu Ralf Boşunqa məxsusdur.

Sıralanma turunda isə "Dams" komandasının 22 yaşlı pilotu Aleksander Olbon 1 dəqiqə 54,48 saniyəlik nəticə ilə rəqibləri üçün əlçatmaz olub. “Carlin” komandasının sürücüsü Lando Norris ikinci, “Art Grand Prix”in pilotu Corc Rassel isə üçüncü yeri tutublar.

Daha sonra F2 üzrə birinci yarış keçirilib. "Dams" komandasının pilotu Aleksander Albon yarışın qalibi olub. 29 dövrənin yekununda A.Albon 1 saat 3 dəqiqə 41,627 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "ART Grand Prix"in pilotu Cek Aitken ikinci, "Charouz Racing System"in üzvü Antonio Fuoko üçüncü olub.

Hazırda keçirilən F2 üzrə ikinci yarışdan sonra bu gün saat 16:10-da 2018 Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsinə start veriləcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə