Slavço Georgievski milliyə niyə çağrılmadı?

Slavço Georgievski milliyə niyə çağrılmadı?

Makedoniya yığma komandası Albaniya millisi ilə yoldaşlıq görüşü keçirəcək. Makedonların baş məşqçisi Mirsad Yonutsz "Neftçi"nin müdafiəçisi İqor Mitreskiyə dəvət göndərdiyi halda, əvvəlki oyunlardan fərqli olaraq bu dəfə yarımmüdafiəçi Slavço Georgievskini yığmaya çağırmayıb. SİA-nın məlumatına görə, bununla bağlı həm Georgievski, həm də Mitreski klubun rəsmi saytına fikirlərini bildiriblər.

Slavço Georgievski: "Makedoniya yığması Albaniya ilə hazırlıq matçı keçirəcək. Mən vətənimdən Bakıya yeni qayıtmışam. Makedoniyaya getməkdə məqsədim ailəmi ziyarət etmək idi. Belə ki, yeni övladım dünyaya gəlib. Komandamızın baş məşqçisi Arif Əsədovdan icazə alaraq vətənimə yollandım. Məhz orada yığmamızın baş məşqçisi Mirsad Yonutszla geniş söhbət etdik. Baş məşqçimiz Albaniya ilə oyunda mənə dəvət göndərməyəcəyini bildirdi. O, hazırlıq görüşündə yığmaya yeni namizədlərə şans verəcəyini açıqladı. Mən də bunu anlayışla qarşıladım. Mirsad Yonutsz mənə seçmə mərhələnin oyunlarına hazır olmağı tapşırdı".

İqor Mitreski: "Açığı, baş məşqçimiz Mirsad Yonutszdan Albaniya ilə görüşə çağırılmamağımı xahiş etdim. Lakin o, ixtiyarında heç olmasa iki təcrübəli futbolçunu görmək istədiyini bildirdi. Düzdür, Albaniya ilə görüşdə yığmaya namizəd olan gənc futbolçulara üstünlük veriləcək. Ancaq təbii ki, heyətdə bütünlüklə gənclərə şans vermək mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə