Beynəlxalq dərəcəli hakimlərimiz Challenge Cup kubokuna təyinat alıblar FOTO

Beynəlxalq dərəcəli hakimlərimiz Challenge Cup kubokuna təyinat alıblar FOTO

Ölkə tarixində idman oyunlarında ilk dəfə olaraq, Azərbaycan Həndbol Federasiyasının Beynəlxalq dərəcəli hakimləri Vaqif Əliyev və Ələkbər Ağakişiyev Avropa Həndbol Federasiyasının qadınlar arasında keçiriləcək Challenge Cup kubokuna təyinat alıblar. SİA-nın məlumatına görə, 13 may 2018-ci il tarixində keçiriləcək kubokun MKS Perla Lublin (Polşa) və Rocasa Gran Canaria (İspaniya) komandalarının final oyununu Azərbaycan hakimləri idarə edəcək.

Qeyd edək ki, V.Əliyev və Ə.Ağakişiyev uzun müddət ölkə klubları və Milli komandada hənbolçu kimi fəaliyyət göstəriblər. Hazırda V. Əliyev Milli Olimpiya Komitəsinin əməkdaşı, Ə. Ağakişiyev AZHF-nin hakimlər kollegiyasının sədridir. Onlar 2002-ci ildən Avropa Həndbol Federasiyasının hakimləridirlər. Bu günə qədər 6 dəfə gənclər arasında Avropa Çempionatının final mərhələlərində, 7 dəfə AHF-nın Çempionlar Liqasının qrup və yarımfinal, tələbələr arasında Dünya Çempionatının final, AHF və Challenge Cup kuboklarının seçmə və yarımfinal, Avropa və Dünya Çempionatlarının çoxlu sayda seçmə, beynəlxalq yoldaşlıq görüşləri, Gürcüstan, Rusiya və Azərbaycan Çempionatının oyunlarını idarə ediblər.

50 ölkə, 300-ə yaxın hakimlər cütlüyünü təmsil edən Avropa Həndbol Federasiyasının belə bir oyunu Azərbaycan hakimlərinə həvalə edilməsi çox fərəhli haldır. Reglamentə görə oyun zamanı hakimlərin də təmsil etdiyi ölkənin bayrağı ucaldılır. 20000 tamaşaçısı olan idman sarayında final oyununu hakimlik etmək üçün böyük təcrübə və yüksək ustalıq lazımdır. Bütün bu keyfiyyətlər bizim hakimlərimizdə var.

Ümid edirik ki, hakimlərimiz bu matçı yüksək üstalıq, ədalətli və qürur hissi ilə idarə edəcəklər.

Onlara uğurlar arzulayaq.

Məlumat üçün qeyd edək ki, final oyununa Avropa Həndbol Federasiyasının nümayəndələri Ole R. Jorstad (Norveç) və Olimpiya Çempionu Lyudmila Bobniyeva (Rusiya) təyin olunublar. Challenge Cup kuboku Avropa Həndbol Federasiyasının təsis etdiyi 3 kubok yarışlarından biridir. Yarışa 64 komanda qatılır.

Bütün xəbərlər Facebook səhifəmizdə