Yeni idman qurğusunda ənənəvi beynəlxalq turnir start götürür

Yeni idman qurğusunda ənənəvi beynəlxalq turnir start götürür

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 14-də açılış mərasimində şəxsən iştirak etdiyi Mingəçevir şəhərindəki "Kür" Olimpiya Təlim-Tədris Mərkəzi akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə "Mingəçevir reqatası-2010" beynəlxalq reqatasının iştirakçılarını qəbul etməyə hazırdır. Azərbaycan Avarçəkmə Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məhz yenicə istifadəyə verilən nəhəng və möhtəşəm idman qurğusunda noyabrın 13-də ənənəvi turnirin startı veriləcək. Yarışı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birlikdə Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) keçirəcək.
"Mingəçevir reqatası-2010"un təşkili ölkəmizdə avarçəkmə növlərinin inkişafı, əhali arasında populyarlığının artırılması və Azərbaycan avarçəkənlərinin hazırlıq dərəcəsinin təyin olunması məqsədini daşıyır. 15 yaşından yuxarı avarçəkənlərin qatılacağı mübarizə Beynəlxalq Akademik Avarçəkmə Federasiyası (FİSA) və Beynəlxalq Kanoe Federasiyasının (İCF) qaydalarına uyğun aparılacaq. Akademik qayıqlarda avarçəkənlər 1 nəfərlik (1X), 2 nəfərlik qoşa avarlı (2X), 2 nəfərlik sükansız (2-) və 4 nəfərlik qoşa avarlı (4X) qayıqlarla 2000 metr məsafəyə yürüş edəcəklər. Hər bir akademik avarçəkənin 2 dəst medal uğrunda çıxışına icazə veriləcək. Kayak və kanoeçilər isə 200 metr, 500 metr və 1000 metr məsafələrə 1 nəfərlik və 2 nəfərlik qayıqlarla (K-1, K-2, C-1, C-2) yürüşlərə qatılacaqlar. Onların hər biri 3 dəst medal üçün mübarizə apara biləcək.
Noyabrın 15-dək davam edəcək turnirdə əvvəlcə kayak və kanoeçilər, ardından akademik avarçəkənlər yarışacaqlar. Açılış mərasimi isə noyabrın 12-də saat 16:00-da olacaq. Bütün qalib və mükafatçılar Gənclər və İdman Nazirliyi ilə AMAF tərəfindən diplom və medallarla təltif olunacaqlar.
Ötən illərlə müqayisədə bu dəfə iştirakçı ölkələrin sayının daha çox olacağı gözlənilir. Tezliklə "Mingəçevir reqatası-2010"a qatılacaq bütün ölkələrin tərkibi dəqiqləşəcək. Eyni zamanda müxtəlif ölkələrin milli federasiyalarının rəsmilərinin də Mingəçevirə gəlişi gözlənilir. Qonaqlar turnirin gedişini izləməklə yanaşı, "Kür" Olimpiya Təlim-Tədris Mərkəzinin imkanları ilə yaxından tanış olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə