Rafiq Hüseynov: "Avropa çempionatında öz sözümüzü deməyə hazırlaşırıq" - AÇIQLAMA

Rafiq Hüseynov: "Avropa çempionatında öz sözümüzü deməyə hazırlaşırıq" - AÇIQLAMA

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Rafiq Hüseynov aprelin 30-da Rusiyanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatına hazırlıq barədə danışıb. SİA-nın məlumatına görə, 82 kq çəki dərəcəsində mübarizə aparan 30 yaşlı pəhləvan rəqibləri arasında dünya və Avropa çempionlarının olduğunu, ancaq yüksək hazırlıq keçdiyini, medal qazanmaq üçün əlindən gələni edəcəyini bildirib: “Avropa çempionatında öz sözümüzü deməyə hazırlaşırıq. Mənim çəkimdə 16 nəfər iştirak edəcək. Onlardan 8-9-u dünya səviyyəsində tanınmış idmançılardır. Rusiya və Türkiyə ilə yanaşı, Ermənistandan olan dünya çempionu çıxış edəcək. Həmçinin, rəqiblərim arasında Gürcüstan və Albaniyadan Avropa çempionları var. Yarış güləşin sevildiyi ölkədə - Rusiyanın Kaspiysk şəhərində keçiriləcək. Bu, əlavə stimuldur. İdmançılar zalda oturan azarkeşlərin səsindən enerji alırlar”.

Ağır zədə səbəbindən ötən yay dünya çempionatında iştirak edə bilməyən R.Hüseynov hazırda yaxşı formada olduğunu deyib: “Peşəkar idmanda zədələr olur. Güləşdə bu, daha ağırdır. Komanda yoldaşlarımız bu yolu keçiblər, hamısı bilirlər. Ötən yay dünya çempionatı ərəfəsində zədələndim və topuğumdan əməliyyat olundum. Bundan sonra həkimlər 4 ay müddətində müalicə keçməyi məsləhət gördülər. Artıq yaxşı formadayam. Yığmada əhval-ruhiyyə yüksək səviyyədədir”.

Qeyd edək ki, Avropa çempionatında aprelin 30-da 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq, mayın 1-də isə 60 kq, 67 kq, 72 kq, 82 kq və 97 kq çəki dərəcələri üzrə təsnifat görüşləri keçiriləcək. Medal görüşləri isə müvafiq olaraq, mayın 1 və 2-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə