Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş Dama Turniri keçirilib

Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş Dama Turniri keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 8 noyabr 2010-cu il tarixində Azərbaycan Həmkarlar İttifaqı Respublika Şahmat-Dama Klubunda Milli Qəhrəman İqor Makeyevin xatirəsinə həsr olunmuş tələbələr arası dama turniri keçirib.

ATGTİ-dən SİA-ya verilən məlumata görə, turnirdə 30 ali təhsil müəssisəsindən 32 tələbə iştirak edib. Oyundan əvvəl iştirakçılar qarşısında çıxış edən Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Qabil Quliyev tədbirin mahiyyəti və Milli Qəhrəman İqor Makeyev barəsində məlumat vermiş, onun şücaəti haqqında danışıb.

Daha sonra klubun rəhbəri və beynəlxalq dərəcəli hakim Akif Nurullayev, Boris Muşaylov və Respublika dərəcəli hakim Eldar Xasayev iştirakçılara oyunun qaydalarını izah ediblər. Oyun Olimpiya sistemində keçirilib, yəni məğlub olan şəxs oyunu tərk edib.

Tədbirin əsas məqsədi Milli Qəhrəmanların xatirəsini yad etmək, onları gənclərə tanıtmaq, eyni zamanda gənclərin asudə vaxtını düzgün təşkil etməkdən ibarət idi.

Keçirilmiş oyunlar nəticəsində 1-ci və 2-ci yerləri müvafiq olaraq "Odlar Yurdu" Universitetinin tələbələri Bayramov Bünyad və Əliyev Ramil, 3-cü yeri isə Azərbaycan Müəllimlər İnstitutunun tələbəsi Bayramzadə Əflatun tutublar.

Qeyd edək ki, İ. Makeyev 27 oktyabr 1971-ci ildə Gəncədə anadan olmuş, 2 avqust 1992-ci ildə 28 əsgər yoldaşını mühasirədən xilas edərək özü qəhrəmancasına həlak olub. Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə İqor Makeyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Bu turnir ATGTİ–nin Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının xatirəsinə həsr edəcəyi silsilə tədbirlərdən birincisi idi.

Bütün xəbərlər Facebook səhifəmizdə