Otüstü hokkey üzrə ölkə çempionatında bütün məsələlərə aydınlıq gətirildi. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışların yekununda əsasnaməyə görə yüksək dəstədə sonuncu yeri tutan Sumqayıtın "Gənclik" və I dəstənin qalibi "Gəncə" komandaları arasında "keçid oyunu" baş tutub. Müxtəlif mülahizələr söylənilsə də Sumqayıt hokkeyçiləri aşağı dəstə təmsilçilərindən güclü olduqlarını nümayiş etdirə biliblər. Matçın 3-cü dəqiqəsində "Gənclik" komandasının ən gənc üzvü Nəsrəddin Hüseynov hesabı açıb. Gəncəlilərin hücumları isə bir nəticə verməyib. Birinci hissə 1:0 hesabı ilə başa çatıb.
Sumqayıt hokkeyçiləri ikinci hissə başlayan kimi 2-ci qolu vurublar. Bu dəfə Anar Tahirov fərqlənib. 47-ci dəqiqədə Nəsrəddin Hüseynov özünün iknci, komandasının isə 3-cü qolunu rəqib qapısından keçirib. Bundan 2 dəqiqə sonra Kənan Şirinov hesabı 4:0-a çatdırıb. Artıq "Gənclik" klubunun qalib gələcəyi heç kimdə şübhə doğurmayıb. Məhz bu zaman gəncəli Zaur Həsənov hesab arasındakı fərqi 3 topa endirə bilib. Lakin sumqayıtlılar buraxılan qoldan sonra daha 2 dəfə müvəffəqiyyət qazanmağı bacarıblar. 62-ci dəqiqədə Əli Nadirov, görüşün başa çatmasına 1 dəqiqə qalmış isə Kənan Şirinov fərqlənib. "Gəncə" komandası üzərində 6:1 hesablı qələbə sayəsində "Gənclik" yüksək dəstədə öz yerini mühafizə edə bilib. Gəncəlilər isə növbəti mövsümdə də I dəstədə yarışmalı olacaq.
Xatırladaq ki, II dəstənin qalibi Sumqayıt təmsilçisi - "Təhsil" klubu da gələn il I dəstədə mübarizə aparmaq hüququ qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB