“Neftçi”nin futbolçusu: "Finala çıxmaq üçün hər şeyi edəcəyik"

“Neftçi”nin futbolçusu: "Finala çıxmaq üçün hər şeyi edəcəyik"

Futbol üzrə Topaz Premyer Liqasının XXII turunda “Sumqayıt”la dünən keçirilən qarşılaşmadan sonra “Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələsgərov brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Nəticə sizi nə dərəcədə razı saldı?

- Qalib gəlmək istəyirdik. Qələbə bizim üçün çox vacib idi. 3-cü və 4-cü yerdəki komandalara yaxınlaşmaq istəyirdik. Amma alınmadı.

- Bunu əldən verməyinizə səbəb Cavid İmamverdiyevin ustalığı, yoxsa sizin ani diqqətsizliyiniz idi?

- Hər iki amil rol oynadı. Cavid çox yaxşı qol vurdu. Qismətdi, belə olmalı imiş.

- Bu nəticə kubok oyunu öncəsi sizə mənfi təsir göstərə bilərmi?

- Qələbə qazansaydıq, daha yaxşı olardı. Çempionatda da hələ heç nə bitməyib. Uduzsaydıq, vəziyyət daha pis olardı. Hələ şansımız davam edir. Kubok görüşünə də yaxşı hazırlaşacağıq.

- “Qəbələ” ilə kubok görüşündən sonra çempionatda “Zirə” ilə üz-üzə gələcəksiniz. Ardıcıl iki oyun çətin olmayacaq?

- Ağır olacaq. İndi “Qəbələ” ilə qarşılaşmanı fikirləşirik. “Qəbələ” ilə matçdan sonra “Zirə” barədə düşünmək olar.

- Kubokda həlledici amil nə olacaq?

- İstək. Bizim üçün çox vacib oyundu. Finala çıxmaq üçün hər şeyi edəcəyik. Kim daha çox istəsə, o da qalib gələcək.

- Qış fasiləsindən sonra “Qəbələ” enişdə, siz isə yüksəlişdəsiniz. Bu, sizə üstünlük verirmi?

- Çempionatla kubok tam ayrı yarışdı. “Qəbələ” də bütün diqqətini kuboka yönəldib. Hər iki komanda üçün çətin olacaq.

- Qış fasiləsindən əvvəl Tərlan Əhmədov sizin oyununuzun alınmadığını deyirdi. Yanvardan bəri nə dəyişdi ki, daha yaxşı forma yığdınız?

- Özünəinamla bağlı idi. Daha inamsız çıxış edirdim. Azarkeşlərin, məşqçilərin mənə güvəndiklərini hiss edirəm.

- Bu gün “Sumqayıt” güclü idi, yoxsa siz yetəri qədər istəkli deyildiz?

- İstəkli idik. “Sumqayıt” çox yaxşı komandadı, Avropa Liqası uğrunda yarışır. Hər iki komanda yaxşı mübarizə apardıq. Əsas odu ki, uduzmadıq.

- Cavid İmamverdiyev qol vuranda bunu qeyd etmədi. Siz belə halları necə qarşılayırsız?

- Normal. “Neftçi”nin yetirməsidi, neçə il bu komandada oynayıb. Dünya futbolunda da belə şeylər çox olur.

Bütün xəbərlər Facebook səhifəmizdə