FHN rəsmisi: “F 1 yarışına 11 xilasetmə texnikası, 2 yanğınsöndürmə avtomobili ayrılıb” - AÇIQLAMA

FHN rəsmisi: “F 1 yarışına 11 xilasetmə texnikası, 2 yanğınsöndürmə avtomobili ayrılıb” - AÇIQLAMA

“Formula 1 üzrə Azərbaycan Qran Prisinin hazırlıq işləri uğurla davam etdirilir. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının bazasında yanğınsöndürmə və xilasedici marşalların nəzəri və praktiki təcrübələrinin artırılması məqsədilə təlimlər başlanılıb”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətində FHN-nin daimi nümayəndəsi, polkovnik Cavanşir Həşimov deyib.

O qeyd edib ki, yanğınsöndürmə və xilasedici marşalların təlimləri artıq 3-cü ildir uğurla təşkil edilir: “Ölkəmizdə keçirilən 1-ci Formula 1 yarışında bütün yanğınsöndürmə və xilasedici marşallar FHN tərəfindən təyin edilmişdi. Onların sayı təxminən 300 nəfər idi. İkinci yarışda əməliyyat şirkəti ilə müzakirə edib, FHN-nin təyin etdiyi marşalların sayını 180 nəfərə qədər azaltdıq. Qalan marşallar könüllülər oldular. Bu yarışda isə FHN tərəfindən təyin edilən 63 marşal iştirak edəcək. Digər marşallar könüllülərdən seçiliblər. Bu il keçiriləcək Formula 1 yarışına nazirlik tərəfindən 11 ədəd xilasetmə texnikası, 2 ədəd yanğınsöndürmə avtomobili ayrılıb. Sözügedən texnikalar xüsusən ən ağır sahə sayılan Pit Stopa yaxın yerləşdiriləcək”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə