Marşallar FHN-nin akademiyasında təlimlərə başlayıblar - FOTOLAR

Marşallar FHN-nin akademiyasında təlimlərə başlayıblar - FOTOLAR

Aprelin 27-29-da Bakıda 3-cü dəfə keçiriləcək Formula 1 yarışlarına ev sahibliyi etmək üçün hazırlıq işləri sürətlə davam etdirilir. Yarışların təşkili və həyata keçirilməsində əvəzsiz rolu olan marşalların hazırlığı hər il olduğu kimi, "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin və Bakı Marşal Klubunun qarşısında duran ən ümdə məsələlərdəndir. SİA-nın məlumatına görə, məhz bu istiqamətdə marşalların bacarıq və təcrübələrinin artırılmasına əsaslanan tədbir və təlimlərin təşkilinə start verilib. Ənənəvi olaraq hər il yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar Fövqəladə Hallar Nazirliyinin göstərdiyi qayğı və dəstəyin nəticəsində aprel ayının ilk günlərinə təsadüf edən təlimlərdə iştirak edirlər.

Nazirlik artıq bir neçə ildir ki, yüksək səviyyəli mütəxəssislər tərəfindən tədris olunan təlimlərlə yanaşı, yarışlar zamanı təhlükəsizlik və xilasetmə tədbirlərinin təmin olunmasında çox əhəmiyyətli rol oynayır.

FHN-nin Akademiyasında ümumilikdə 180 nəfər nəzəri və praktik hissələrdən ibarət 3 günlük təlimlərdə iştirak edirlər. Akademiyanın xüsusi ixtisaslı təlim-tədris heyəti iştirakçılara yanğın, təhlükəsizlik haqqında biliklərin aşılanması, yanğının qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində bacarıqların möhkəmlənməsinə yönəlik vacib təqdimatlar ediblər. Bundan əlavə, qeyd olunan sahələr üzrə istifadəsi vacib olan səviyyəvi texnika və avadanlıqlarla davranış və lazımi anlarda tətbiqi qaydalarının əsasları təlim iştirakçılarına əyani vasitələrlə çatırılıb.

Beləliklə, marşallar nəzəri hissələrdə əldə etdikləri bilikləri təlimin praktiki hissəsində tətbiq etmək imkanı əldə ediblər.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə