İCF-nin növbəti konqresində qaydalara bəzi dəyişikliklər edilib

İCF-nin növbəti konqresində qaydalara bəzi dəyişikliklər edilib

İspaniyanın Santiaqo de Kampostela şəhərində Beynəlxalq Kanoe Federasiyasının (İCF) növbəti konqresi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) rəsmi saytında yayımlanmış xəbərdə bildirilir ki,  toplantıda ölkəmizi AMAF texniki direktoru Leyla Əliyeva təmsil edib.

 

Konqresdə bir sıra əhəmiyyətli məsələlər müzakirə olunub və mühüm qərarlar qəbul olunub:

 

1. 2003-cü ildən etibarən yeniyetmələr və 23 yaşadək gənclər arasında dünya çempionatı hər il böyüklər arasında dünya çempionatı proqramı üzrə keçiriləcək.

 

2. Qadın kanoesində dünya çempionatının proqramı dəyişdirilib. 500 metr məsafəyə 2 nəfərlik kanoe qayığı (C2) ilə yürüş dünya çempionatının rəsmi mübarizə növü sayılıb. Beləliklə, dünya çempionatında qadın kanoesində rəsmi mübarizə növləri 1 nəfərlik qayıqla (C1) 200 metr məsafəyə və 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşlər olacaq. Həmçinin 1 nəfərlik kanoe-slalom növü də mübarizə növləri sırasına daxil edilib. Kanoe-slalom mütləq əksəriyyətin səsi ilə bu siyahıya daxil edilibsə, kanoe-sprint cəmi 1 səs üstünlüklə qalib gəlib. 41 nümayəndə lehinə, 40-ı isə əleyhinə səs verib.

 

3. İCF-nin sprint üzrə komitəsinin rəhbəri Frank Qarnerin təklifi nümayəndələr arasında qızğın müzakirələrə səbəb olub. Qarner yarış zolaqlarının 9-dan 8-ə azaldılmasını təklif edib. Dəqiq əsaslandırılmanın olmaması üzündən təklif geri çevrilib. Bununla belə, növbəti konqresdə məsələyə yenidən baxılması qərara alınıb.

 

4. Konqres qaydaların dəyişdirilməsinin lehinə səs verərək, yarışın Təşkilat Komitəsi icazəsi təqdirində, 4 nəfərlik kayak qayığında (K4) istənilən idmançının ilkin, hətta yarımfinal yürüşlərindən sonra dəyişdirilməsinə razılıq verib. Ekipaj üzvlərindən hətta bir idmançının pis fiziki formada olması onların olimpiya lisenziyasından məhrum olması bahasına başa gələ bilər. Qaydalara edilən bu əlavə zədəli və ya xəstə idmançını əvəzləmək imkanı verəcək.

 

5. İnkişaf yönündə növbəti addım İCF-in qadın komissiyasının iclasının təşkili olub. Məqsəd qadınların beynəlxalq qurumda rolunun artırılmasına xidmətdən ibarət olub. Konqres dünyada qadın avarçəkməsinin inkişafına böyük diqqət ayırıb.

 

6. İCF-ə 9 yeni ölkə - Küveyt, Malavi, Fələstin, Konqo, Mali, Eritreya, Liviya, Taiti və Kiribati üzv qəbul olunub.

 

7. Macarıstanlı İştvan Vaskuti İCF-in I vitse-prezident, braziliyalı Joao Tomasini isə III vitse-prezidenti seçiliblər.

 

8. Konqresdə ilk dəfə elektron səsvermədən istifadə olunub.

 

9. 2012-ci ildə keçiriləcək növbəti konqresin Rusiyanın Sankt-Peterburq şəhərində təşkili qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə