Bölgələrdə güləş zallarının tikilməsi, bərpası və təmirinə diqqət yetirən, həmin idman qurğularını müasir avadanlıqlarla təmin edən Azərbaycan Güləş Federasiyası (AGF) bu istiqamətdə növbəti addımı Xızı rayonunda atıb. AGF-dən SİA-ya verilən məlumata görə, bu gün Federasiyasının 2 saylı nümayəndəliyinin təşəbbüsü ilə Şurabad qəsəbə orta məktəbində təşkil edilmiş tədbirdə AGF-in vitse-prezidentləri Elçin Cəfərov, Cavanşir Qurbanov, Namiq Abdullayev, Gənclər və İdman Nazirliyinin aparıcı mütəxəssisi Tofiq Eyvazov, Olimpiya dərəcəli hakim Hicran Şərifov, Pekin olimpiadasının gümüş mükafatçısı Vitali Rəhimov da iştirak ediblər.
Xızı rayon icra başçısının 1-ci müavini Azər Əlizadə və Federasiyanın 2 saylı nümayəndəliyinin direktor müavini Yaqub İmanov çıxışlarında dövlətin idmana göstərdiyi yüksək qayğıdan danışıblar. Regionlar üzrə vitse-prezident Cavanşir Qurbanov Azərbaycan idmanında gedən islahatlardan söz açıb, yerlərdə tikilən, təmir olunan güləş zallarının gələcəkdə bu idman növünün daha da inkişaf edəcəyinə töhfə verəcəyini deyib. Yunan-Roma güləşi üzrə vitse-prezident Elçin Cəfərov Şurabadda bu güləş məktəbinin açılmasını yüksək qiymətləndirib: "Regionda istifadəyə verilmiş bu məktəb Xızı rayonu üçün əlamətdar hadisədir. Belə tədbirlərimiz yenə davam edəcək. Çünki əyalətlərdə istedadlı idmançıların yetişməsi qarşıda dayanan əsas vəzifələrimizdəndir. Avropa və dünya çempionu Həsən Əliyev, dünya çempionatının gümüş mükafatçısı Toğrul Əsgərov bölgələrdə yetişiblər. İnanıram ki, bu məktəbdən də səviyyəli güləşçilər çıxacaq".
Yeniyetmələr üzrə vitse-prezident, olimpiya çempionu Namiq Abdullayev çıxışında qeyd etdi ki, idmançılar hər zaman ulu öndər Heydər Əliyev, onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısını hiss edirlər.
Gənclər və İdman Nazirliyinin aparıcı mütəxəssisi Tofiq Eyvazov ümummilli liderin idman barəsində söylədiyi "İdmana olan xüsusi qayğını öz üzərimə götürürəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz" ifadəsini dilə gətirərək vurğulayıb ki, bu sözdə çox dərin məna var və biz daim bunu hiss edirik. Sonra Federasiya tərəfindən güləşçilərə güləş geyimləri hədiyyə verilib.
Yekunda olimpiya kateqoriyalı hakim Hicran Şərifov cəngi müsiqisinin sədaları ilə fiti səsləndirib, yeniyetmə pəhləvanlara xeyir-dua verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB