Açıq Azərbaycan birinciliyi və Bakı çempionatında 5 ölkənin gimnastları iştirak edəcəklər

Açıq Azərbaycan birinciliyi və Bakı çempionatında 5 ölkənin gimnastları iştirak edəcəklər

Noyabrın 9-10-da Bakıda bədii gimnastika üzrə 17-ci Açıq Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda həm paytaxt cəmiyyətlərindən, həm də digər şəhər və ölkələrin idman təşkilatlarından 86 gimnast iştirak edəcək.
Bakı Gimnastika Məktəbi və Respublika Kompleks İdman Məktəbi, "Neftçi", "Təhsil", "Spartak", "Sərhədçi", "Zirvə" və Gəncə idmançıları ilə yanaşı, Gürcüstan, Rusiya, Özbəkistan və Ukraynanın gənc nümayəndələri də yarışlarda iştirak edəcəklər.
Xalça üzərinə, nümunəvi çıxışlarla da olsa, Xırdalan idmançıları da çıxacaqlar.
İştirakçılar altı yaş qrupuna bölünəcəklər (1995-97, 1998, 1999, 2000, 2001 və 2002-ci il təvəllüdlü) və çoxnövçülükdə mübarizə aparacaqlar.
Yarışlarda ilk dəfə 2000-2003-cü il təvəllüdlü idmançılardan ibarət qrup komandaları da iştirak edəcək. Azərbaycanın 7 qrup kollektivi hakimlərə və tamaşaçılara özlərinin ilk alətsiz hərəkətlərini nümayiş etdirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə