“Bakı” Joel Epalle barədə rəsmi münasibətini açıqladı

“Bakı” Joel Epalle barədə rəsmi münasibətini açıqladı

"Bakı" futbol klubu komandanın üzvü Joel Epalle barədə yayılan xəbərlərə rəsmi münasibətini açıqlayıb. Klubun mətbua xidmətindən SİA-ya verilən məlumata görə, həmin açıqlamanı olduğu kimi nəzərinizə çatdırırıq:
"Şübhəsizdir ki, komandamızın kamerunlu yarımmüdafiəçisi Joel Epalle böyük futbol karyerasına malik bir oyunçudur. 20 ilə yaxın karyeraya malik istedadlı futbolçu 2002-ci il Dünya Kubokunun iştirakçılarından biridir. Kamerun milli komandasının heyətində 35-dən artıq oyun keçirib. 2000-ci il Sindey olimpiya oyunlarının qalibidir.

Uzun ilər Avropada çıxış edən futbolçu 2007-2010-cu illər Almaniya Bundesliqasında çıxış edib. Razılaşaq ki, Joel Epalle kimi futbolçunun hər hansı bir Azərbaycan klubunun formasını geyməsi, Azərbaycan Premyer Liqasında oynaması bütün ölkə futbolsevərləri üçün hadisədir. Belə bir futbolçunun klubumuza transfer olunması adi hadisə deyil.

Təəssüf ki, son günlər "Bakı" futbol klubunun və klubumuzun üzvü Joel Epallenin izgüzar fəaliyyətini şübhə altına salmağa yönələn qeyri-dəqiq məlumatlar yayılır. Bununla əlaqədar "Bakı" futbol klubu bildirir ki, mətbuatda Joel Epallenin zədəli olaraq klubumuza transfer olunması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.

Joel Epalle "Bakı" futbol klubuna 2010-cu ilin iyul ayında transfer olunub və komandamızın 26 iyun-09 iyul 2010-cu il tarixlərində Bittburqda (Almaniya) keçirdiyi təlim-məşq toplantısında iştirak edib. Epalle 06 iyul 2010-cu il tarixdə  "Bakı"nın Lüksemburq çempionu "Jenes Eş" klubu ilə keçirdiyi yoldaşlıq oyununda zədələnib.

Bu zədə professor L.Roslavski (Dr. L.Roslawski) tərəfindən qeydə alınıb və zədənin səbəbi kimi ayağa endirilən zərbə göstərilib. Joel Epalle 28 sentyabr 2010-cu il tarixdə Arzt för Chirurgie/ Unfallchirurgie Durchgangsarzt klinikasında əməliyyat olunub. Futbolçumuzu müalicə edən alman professor L.Roslavski  klubumuza Joel Epallenin zədəsi, müvəffəqiyyətli əməliyyatı və bərpa prosesi ilə bağlı ətraflı raport təqdim edib.

"Bakı" futbol klubu Joel Epalle ilə bağlı bütün məsələlərə aydınlıq gətirilməsini arzulayır, dəqiqləşdirilməmiş xəbərlərin yayılmasından narahatlığını ifadə edir.

Joel Epallenin "Bakı" futbol klubuna transferi, onun zədələnməsi barədə daha ətraflı məlumat əldə etmək istəyində olan ictimaiyyət və media nümayəndələrinin müraciəti əsasında rəsmi sənədlərlə ətraflı izahat veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə