Allahyar Abışov ağır atletika üzrə Azərbaycan çempionu olub

Şüvəlandakı Ağır Atletika Akademiyasında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı davam edir. Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Çəkisi 62 kiloqramadək olan kişi ağır atletlərin mübarizəsində fəxri kürsünün ən yüksək pilləsinə 245 kiloqram (110+135) nəticə göstərən Allahyar Abışov yüksəlib. İkinci yerdə 241 kiloqram (105+136) nəticə ilə Ruslan Rzazadə, üçüncü yerdə isə 240 kiloqram (108+132) nəticə ilə Elməddin Hüseynov qərarlaşıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi və onların qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə