Bakıda taekvondo üzrə komandalararası Avropa Kuboku yarışlarınıın təntənəli açılış mərasimi keçirilib
Oktyabrın 30-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində komandalararası taekvondo üzrə Avropa Kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Avropa Taekvondo Birliyinin (ETU) prezidenti Atanasios Proqalos, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz İsmayılzadə və digər rəsmi şəxslər iştirak ediblər.
On iki ölkə təmsilçilərinin zala daxil olmasından və taekvondo himninin səsləndirilməsindən sonra rəsmi hissə başlayıb.
Kəmaləddin Heydərov Azərbaycanda beynəlxalq yarışların keçirilməsinin ənənə halı aldığını və respublikamızın idman ölkəsi kimi tanındığını vurğulayaraq deyib: "Neçə gündür ki, dünya idman ictimaiyyətinin diqqəti Bakıya yönəlib. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu da dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğının əyani sübutudur. İnanıram ki, bu yarışda idmançılar əzmkarlıq nümayiş etdirəcəklər. Belə mötəbər yarışların ölkəmizdə təşkilinə etimad göstərdiyi üçün ETU prezidentinə təşəkkür edirəm".
Atanasios Proqalos taekvondonun bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayıldığını bildirib. Bakıda keçirilən Avropa Kubokunun təşkilinin, bu qədər idmançı və məşqçilərin tədbirdə iştirakının buna əyani misal olduğunu vurğulayıb. ETU prezidenti yüksək təşkilatçılığa görə, Azərbaycan Taekvondo Federasiyasına təşəkkürünü bildirib.
Kəmaləddin Heydərov və Atanasios Proqalos xatirə hədiyyələrini mübadilə ediblər.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Avropa Kuboku yarışı açıq elan edilib.
Tədbir bədii hissə ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB