“Qarabağ” – “Xəzər-Lənkəran”: 15-ə doğru - STATİSTİKA

“Qarabağ” – “Xəzər-Lənkəran”: 15-ə doğru - STATİSTİKA

Sabah "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Xəzər-Lənkəran"ı qəbul edəcək. SİA-nın məlumatına görə, Ağdam təmsilçisinin mətbuat xidməti oyunla əlaqədar statistika yayımlayıb. Ölkəmizdə ən maraqla gözlənilən derbilərdən olan mücadilədə tərəflər sayca 15-ci olacaq. Görəsən arxada buraxdığımız 14 qarşılaşmalarda nələr baş verib?

Komandaların bu müddətdə yollarının kəsişməsinin xülasəsini sizə təqdim edirik:
2004-2005 mövsümündə  baş tutmuş ilk oyunda Samir Musayevin dublu və Vadim Vasiliyevin möhtəşəm qoluna rəqib yalnız Samir Əliyevin təsəlli qolu ilə cavab verə bildi. Əvəzində  komanda üçün çempionluq yolunda çox vacib cavab qarşılaşmasında Lənkəran təmsilçisi qalib gəldi-0:3.
2005-2006 mövsümündə də komandalar hərəyə üç xal qazanıblar. İlk dövrədə "Şəfa" stadionunda keçirilən matçda 2:1 hesabı ilə qələbə qazanan "Qarabağ" cavab qarşılaşmasında 2:0-lıq məğlubiyyətlə üzləşdi.
2006-2007 mövsümündə rəqiblərdən sevinən tərəf cənub təmsilçisi olur. Uyğun olaraq 2:0 və 4:1.
2007-2008 mövsümündə isə komandalar eyni nəticəni göstərmişdilər. "Qarabağ" səfərdə 2:0 hesabıyla məğlub olsa da (Elmar Baxşıyev və Juninyo) doğma meydanda cənublulara eyni aqibəti yaşatmışdı. Vaqif Cavadov və Zaur Həşimovun qolları komandaya qələbə gətirmişdi.
2008-2009. İlk oyun Lənkəranda baş tutdu. Vaqif Cavadov, Zaur Ramazanov və Sedat Saininin vurduğu qollara sadəcə Mario Souza uzatma dəqiqələrində cavab verə bildi. Belədə, komanda 3 xalı aktivinə yazdı. Cavab görüşü isə komandamızın Quzanlıda qazandığı ilk 3 xal kimi tarixə düşdü. Artim Şakirinin sona yaxın vurduğu qol komandamızın cənublular üzərində ardıcıl 3-cü qələbəsini rəsmiləşdirdi.
2009-2010. Mövsümdə çempionatının yeni formatı ilə əlaqədar olaraq tərəflər 4 dəfə qarşılaşmalı oldular. Üstəlik, kubokun ¼ final mərhələsində tərəflər münasibətlərini ayırd etməli oldular. Təsnifat mərhələsində ilk dövrədə Quzanlıda baş tutan matçda Rauf Əliyev 85-ci dəqiqədə başla vurduğu gözəl qolla Ağdam təmsilçisinə qələbə gətirdi. Fevralın 13-ündə baş tutan cavab görüşündə isə meydandan qol səsi çıxmadı. Bu eyni zamanda tərəflər arasında birincilikdə keçirilən 12-ci oyunda ilk heç-heçə kimi tarixə düşdü. Final mərhələsində ilk oyun aprelin 3-ündə Lənkəranda baş tutdu. Buna qədər 5 oyundu çempionatda cənublulara məğlub olmayan komanda 3 il sonra rəqibindən xal ala bilmədi. Kabral və Marionun qollarına Adamiya bir dəfə cavab verə bildi. Cavab görüşündə isə komanda Rəşad Sadıqov və Rauf Əliyevin vurduğu qollarla 2:1 qalib gəldi. 
Bu keçirilən 14 görüşdə "Qarabağ" 7 qələbə qazanaraq 6 dəfə məğlub olub. Cəmi 1 görüşdə tərəflər 1 xala razılaşıblar. Topların fərqində lənkəranlılar üstündü-15-18.

Bütün xəbərlər Facebook səhifəmizdə