Sərgən-mərgən "sözünü yedi" - MÜSAHİBƏ

Sərgən-mərgən "sözünü yedi" - MÜSAHİBƏ

Azərbaycan - Türkiyə qarşılaşması ərəfəsində qardaş ölkə mətbuatında oyunla bağlı müxtəlif mövqelər ortaya qoyuldu. Futbol şərhçiləri Azərbaycan yığması üzərində qalibiyyətin daha çox ehtimal olunduğunu vurğuladılar. Amma əksəriyyət bunu edərkən, etika normalarını qorumağa çalışdı. Nə də olsa, biz qardaşıq axı. Ortada "bir millət, iki dövlət" kimi deyimlər var. Di gəl, Azərbaycanla Türkiyənin qardaşlığını heçə sayanlar da tapılır. Məsələn, keçmişin məşhur futbolçusu Sərgən Yalçın kimi.

O, əvvəlcə "biz Azerbaycan-mazerbaycan gibi takımlara puan kayb etmemeliyiz" şəklində tərbiyəsizliyi ilə fərqlənmişdi. Oyun keçirildi, Türkiyə məğlub oldu, Sərgən isə susmadı.

Artıq həmkarlarımız "NTV Spor"un şərhçisini sorğu suala tutublar. Müsahibə zamanı Yalçının əsl siması ortaya çıxıb. O, çıxılmaz vəziyyətə düşərək, ilk tərbiyəsizliyini boynundan atıb, sözünü yeyib!.. İkinci tərbiyəsizliyi isə tamam başqa yönə yozmağa çalışıb. Sərgənin çabalarının nə qədər uğurlu alındığını müsahibə ilə tanış olduqdan sonra qərar verək.

- Xeyli müddətdi sizinlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalırdı.

- Ola bilər.

- Səbəbini deyə bilərsiz?

- Məgər hər zəngə cavab vermək məcburiyyətindəyəm?

- Azərbaycan-Türkiyə matçından iki həftə keçməsinə baxmayaraq, hələ də çoxları qazandığımız şanlı zəfərdən danışır. Maraqlıdı, oktyabrın 12-də Türkiyə millisi necə görünürdü?

- Allah köməyiniz olsun, oyundan gör nə qədər vaxt ötüb. Onsuz da bundan sonra danışmağın mənası yoxdu.

- Məhz həmin matçla bağlı soruşacağım bir şeylər var. Zəhmət deyilsə, fikirlərinizi bildirin.

- Nə deyim ki? Komandanız sonacan mübarizə aparıb, haqq etdiyi qələbəni qazandı. Türkiyə millisi olduqca pis vəziyyətdə idi. Fikrimcə, bu, onlara bir dərs oldu. Bundan da nəticə çıxara bilməsələr, deyiləcək sözüm qalmaz.

- Bəs Azərbaycan yığmasının sərgilədiyi futbol necə sizi razı saldımı?

- Açığı, meydanda sərgilənən futbolu bəyənmədim. Ancaq futbolçularınızdakı qələbə istəyi məni heyran etdi. Futbolda mübariz keyfiyyətlər əsas şərtdi. Əsas odur ki, Azərbaycan millisi futbolu həddini bilərək oynadı. Yəni, qələbə qazanmalarına baxmayaraq, başqa vasitələrə əl atmadılar.

- Yığmamız haqda xoş fikirdəsizsə, o zaman verilişlərin birində "Mən bu qarınla çıxıb oynayaram" ifadəsi hansı məntiqə sığır? Yəni komandamız kənardan bu qədərmi cılız görünür?

- Başa düşmədim bu sözlərin yığmanıza nə aidiyyatı var?

- Hər halda eyni sözləri komandanızın Almaniyaya böyükhesablı məğlubiyyətindən sonra da dilə gətirə bilərdiniz. Görünür Azərbaycan millisi kənardan "asan yem" təsiri bağışlayırmış ki, siz özünüzü indiki halınızla yığmamıza qarşı mübarizə aparmağa hazır sayırsınız?

- Dediklərimin sizin fikirlərinizlə heç əlaqəsi yoxdur. Birincisi, Almaniya yenilgisindən sonra da komandamızı tənqid edənlərdən biri mən idim. İkincisi, futbolçularımızı hər iki oyunda meydanda gəzən gördüm. Bu səbəbdən də elə bizim də eyni sürətlə gəzə biləcəyimizi söylədim. Yəni, həmin gün futbolçuların biz veteranlarla hansısa fərqi olduğu hiss olunmurdu. Bunun Azərbaycan yığmasına nə dəxli var?

- Elədisə ölkəmizin adını "Azərbaycan - mazərbaycan" deyə səsləndirməyinizi nə ilə əlqələndirə bilərsiniz?

- (Fikirləşir) Vallah belə şey söylədiyimi xatırlamıram.

- Bəlkə əsəbi olduğunuzdan ağzınızdan çıxan ifadələrə fikir verməmisiniz? Hər halda bu daha ağlabatan görünür.

- Mən o qədər unutqan deyiləm ki, söylədiyim ifadəyə hakim ola bilməyim. Həmin verilişdə məqsədimiz Türkiyə millisində olan problemləri ortaya çıxarmaq və məğlubiyyətə aydınlıq gətirmək idi. Nəyə görə Azərbaycan haqqında ağzıma gələni danışmalıyam?

- Razılaşın ki, kiminsə ölkənizin adını "Türkiyə-mürkiyə" deyə çağırması sizin də xoşunuza gəlməz.

- Təbii ki. Ancaq belə söz dediyimi yadıma sala bilmirəm. Bəlkə siz məni yanlış anlamısınız?

- Bütün bunlardan sonra Azərbaycan xalqına demək istədiyiniz söz varmı?

- Mən belə sözlər deməmişəm. Görünür siz oxuculara belə catdırmısınız.

- Bizim kiməsə, nəyisə çatdırmağımıza ehtiyac yoxdur. Azərbaycandakı ailələrin böyük qisminin evində peyk anteni var və onlar Türkiyə kanallarını izləyə bilir.

- Yenə deyirəm həmin verilişdə yalnız Türkiyə millisindən bəhs etmişəm. Mənim Azərbaycanla nə işim var? Onlar Yanlış başa düşübsə, bu mənim günahım deyil.

- Necə düşünürsünüz, yığmamız evdə Almaniyadan xal ala biləcək gücdədir?

- Futbolda mümkünsüz şey yoxdur. Əsas odur ki, mübarizə aparmağı bacarırlar. Ancaq səviyyə fərqi özünü göstərir. Bunun baş verəcəyinə o qədər də inanmıram.

- Berti Foqtslu millimizin qrupu dördüncü sırada başa vurmaq istəyi sizcə həyata keçər?

- Buna da inanmıram. Hər halda Almaniya, Türkiyə və Belçikanın nəyə qadir olduğu göz önündədi. Avstriya da cari tsikldə xoş təsir bağışlayır. Fikrimcə ən yaxşı halda beşinci yeri tuta bilərsiniz.

- Sizcə Azərbaycan yığmasının üzvləri superliqada top qovacaq gücdədir?

- Məncə çətin olar. Bizə qol vuran futbolçunuz Türkiyədə top qovsa da heyətə düşə bilmir. Halbuki, Azərbaycan millisinin aparıcı üzvlərindəndir.

- Yanılırsız. Həmin Rəşad Sadıqov "Əskişəhərspor"un son iki oyununda 90 dəqiqə meydanda olub. üstəlik komandası hər iki qarşılaşmada qələbə qazanıb.

- Ola bilər. Futbolçularınız mübarizə aparmağı sevir. Ancaq superliqada oynaya biləcəklərinə inanmıram.

"Futbol+" qəzeti

Bütün xəbərlər Facebook səhifəmizdə