Uğur qazanan cüdoçu və güləşçilərlə görüş keçirilib - FOTO

Uğur qazanan cüdoçu və güləşçilərlə görüş keçirilib - FOTO

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirdə və Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirində urğula çıxış etmiş idmançılarımızla görüş keçirilib. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyində (GİN) təşkil eilən görüşdə nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Firdovsi Umudov, məşqçilər, idmançılar və digərləri iştirak ediblər.

GİN-nin İdman şöbəsinin müdiri Fərid Mansurov idmançılarımızın qazandıqları nəticələrin sevindirici olduğunu vurğulayıb. O, medal qazanan güləşçi və cüdoçularımızı təbrik edib, gələcək karyeralarında daha böyük nəticələr qazanacaqlarına əminliyini bildirib.

F.Mansurov oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına idmançılarımızın ciddi hazırlaşmağının vacibliyini vurğulayıb.

AGF-in I vitse-prezidenti və sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi F.Umudov idmançılarımzın nəticələrinin qənaətbəxş olduğunu qeyd edib: “Təqvim planımız çox sıxdır. Güləşçilərimizi Dünya Kuboku, Avropa çempionatı, Yeniyetmələrin Yay Olimpiya Oyunları gözləyir. İdmançılarımız Kiyevdə əzmkarlıq, kişilik göstərdilər. Yarış Xocalı faciəsinin ildönümünə təsadüf etdiyindən erməni güləşçilərlə görüşlərdən əvvəl idmançlarla söhbətlər aparılıb. Güləşçilərimiz Ermənistan idmançılarına qalib gəldilər. İdmanı siyasətə qarışdırmaq istəməzdim. Ancaq pəhləvanlarımızın çıxışı, həqiqətən, təqdirəlayiqdir. Belə də davam etmək lazımdır”.

F.Umudov bildirib ki, artıq qarşıdakı yarışlara köklənmək lazımdır: “Qazanılan qələbələr keçmişdə qaldı, irəli baxmalıyıq. Əlbəttə, səhvlər var və onları aradan qaldırmalıyıq. Kiyevdəki yarış Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyırdı. Burada oturan idmançıların çoxu olimpiya, dünya və Avropa çempionatında medal qazananlardır. Xüsusən də gənclərimiz uğurlara “acdırlar”.

Güləşçilərdən erməni idmançı üzərində qələbə qazanan İslam Abbasov rəqibini məğlub edəcəyinə öncədən inandığını vurğulayıb: “Erməni ilə güləşəndə geridə olanda belə, uduzmayacağımı bilirdim. Düzdür, idmandır, amma məğlubiyyəti həzm edə bilməzdim. Sona qədər mübarizə apardım və qalib gəldim. Gələcəkdə də qələbələrimizi təkrarlamağa çalışacağıq”.

Yunan-Roma güləşi üzrə milli komandamızın baş məşqçisi Şaban Donat da idmançılarımızın qazandıqları uğurları yüksək qiymətləndirib. O, Avropa çempionatında daha da yaxşı çıxış etməyə çalışacaqlarını vurğulayıb.

Üçqat dünya çempionu Hacı Əliyev isə qarşıdan gələn Avropa çempionatı haqqında danışıb: “İdmançı hazır olandan sonra istənilən yerdə özünü göstərir. Əlbəttə, Rusiya Avropa çempionatında ev sahibi olacağı üçün onlara dəstək daha çox olacaq. Lakin biz də yaxşı hazırlaşacaq və uğurlu nəticə əldə etmək üçün səfərbər olacağıq. Firdovsi müəllim bizim yanımızda həm federasiyanın vitse-prezidenti, həm də baş məşqçi kimi dayanır. Bu, bizim üçün bir üstünlükdür. Nə isə problem olanda bir dostumuz, böyük qardaşımız kimi ona müraciət edirik. Güləşçilərimiz hər zaman öz sözünü deyiblər, bundan sonra da belə olacaq”.

Cüdo üzrə “Böyük Dəbilqə” turnirində gümüş medal qazanan Rüstəm Orucov da fikirlərini bildirib: “Azərbaycan Cüdo Federasiyasındakı dəyişiklikdən sonra idmançılar üçün hər cür şərait yaradılıb və bu da nəticələrə birbaşa sirayət edir. Bu il dünya çempionatı Bakıda keçiriləcək. Əsas fikrimizi bu yarışa yönəltmişik. İnanıram ki, özümüzü göstərəcəyik. Ermənilərlə güləşəndə bir az həyəcan olur. Qalib gəlmək üçün yüz faizdən artıq güc qoymalısan. “Böyük Dəbilqə” turnirində də erməni cüdoçunu məğlub etdim. Finaldakı yaponiyalı rəqibim isə olimpiya çempionu idi. Səhvə yol verdiyimə görə gümüş medalla kifayətləndim”.

Xatırladaq ki, Almaniyada keçirilən "Böyük Dəbilqə" turnirində Rüstəm Orucov (73 kq) gümüş, İrina Kindzerska (+78 kq) isə bürünc medal qazanıb.

Kiyevdə keçirilən Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirdə isə Azərbaycan yığmasının üzvləri 9 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar. Yunan-Roma güləşiçlərindən Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Rafiq Hüseynov (82 kq) qızıl, İslam Abbasov (87 kq), Sabah Şəriəti (130 kq) gümüş, Elvin Mürsəliyev (82 kq) və Orxan Nuriyev (97 kq) bürünc medal qazanıb. Sərbəst güləşçilərdən Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bütün rəqiblərindən üstün olub və qızıl medala layiq görülüblər. Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq) və Cəbrayıl Həsənov (79 kq) turnirin gümüş mükafatına sahib olublar. Bürünc medalı isə yığmamıza Əfqan Xaşalov (57 kq) qazandırıb. Qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına yiyələnib. Yalnız final görüşündə uduzan İrina Netreba (65 kq) gümüş, Alyona Kolesnik (57 kq) isə bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə