Tələbə sərbəst güləşçilərimiz Türində 2 medal qazandı - FOTO

Tələbə sərbəst güləşçilərimiz Türində 2 medal qazandı - FOTO

İtaliyanın Türin şəhərində Tələbə Güləşçilərin 9-cu Dünya Çempionatı keçirilir. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, çempionatın ilk iki günündə sərbəst güləşçilər mübarizə aparıb. Yığmamız 1 gümüş və 1 bürünc medal əldə edib.

Sərbəst güləşçilərin yarışında böyük məşqçi Arif Abdullayevin başçılığı altında Azər Paşayev (55 kq), Elmir Qəmbərov (66 kq), İbrahim Yusubov (74 kq) və Sübhan İsmayılov (84 kq) iştirak edib.

Təmsilçilərimizdən İbrahim Yusubov gümüş və Azər Paşayev bürünc medal qazanıb.

55 kq çəkidə mübarizə aparan Azər Paşayev ilk görüşündə Türkiyə təmsilçisi Murad Mərdə məğlub olsa da, rəqibinin finala çıxması ilə təsəlliverici görüşlərə qatılıb. Ukrayna güləşçisi Sergey Ratuşini (0:1, 3:0, 2:1) və moldovalı Aleksandru Çirtoakanı (0:1, 0:0, 2:1) məğlub edən Azər dünya çempionatının bürünc mükafatına sahib olub.

74 kq çəki dərəcəsində İbrahim Yusubov ilk görüşündə Monqolustanlı rəqibinə qalib gəlib. Ardınca rusiyalı M.Maqomedxanovu və bolqar İvan Deliverskini məğlub edərək finala yüksəlib. Finalda iranlı rəqibi İman Mohammadianla görüşdə ilk hissədə qalib gəlsə də, (3:0, 0:1, 0:1) ikinci və üçüncü hissədə uduzaraq gümüş medalla kifayətlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə