Bakıda keçirilən Beynəlxalq Hərbi İdman Şurasının (BHİŞ) Avropa konfransının bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov bildirib ki, Azərbaycan həmişə belə mühüm beynəlxalq tədbirlərin ölkədə keçirilməsinə böyük əhəmiyyət verib. Bu cür beynəlxalq hərbi-idman təlimlərinin keçirilməsi Azərbaycan üçün əhəmiyyətlidir. Tədbir çərçivəsində BHİŞ-ə daxil olan ölkələrin nümayəndələri ilə bir sıra səmərəli fikir mübadiləsi aparılıb.
Tədbirdə qeyd olunub ki, indiyədək Azərbaycanda şura çərçivəsində 2004-cü ildə hərbçilərin cüdo üzrə 30-cu, 2006-cı ildə güləş üzrə 24-cü və 2008-ci ildə isə hərbçilərin boks üzrə 52-ci dünya çempionatları keçirilib. Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən BHİŞ-in üzvüdür. Azərbaycanın ordu idmançıları bu günədək Olimpiya, dünya, Avropa və beynəlxalq yarışlarda uğurla iştirak ediblər.
BHİŞ-in prezidenti, polkovnik Hamad Kalkaba Malbum konfransın olduqca yüksək səviyyədə təşkilinə görə iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkürünü bildirib. Növbəti konfransın Belarusda keçiriləcəyi barədə qərar qəbul edilib.
Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi, polkovnik Natiq Əliyev BHİŞ-in bayrağını Belarus tərəfinə - polkovnik Aleksey Miroşniçenkoya təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB