Formula 1 yarışları Azərbaycana 277,3 milyon dollar gəlir gətirib - FOTOLAR

Formula 1 yarışları Azərbaycana 277,3 milyon dollar gəlir gətirib - FOTOLAR

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətində (BŞH) Formula 1 yarışlarının Azərbaycana gətirdiyi gəlirlə bağlı brifinq keçirilib. SİA-nın məlumatına görə, brifinqdə iştirak edən BŞH-nin Marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib ki, indiyədək Bakıda keçirilmiş Formula 1 yarışları Azərbaycan iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib.

Onun sözlərinə görə, bu barədə hesabat PwC audit şirkətinin apardığı müstəqil araşdırma nəticəsində hazırlanıb: “Yekun məbləğ yarışlar ərəfəsində Formula 1 ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir. Ümumilikdə birbaşa gəlirlər 164,2 milyon dollar təşkil edib ki, bunun da 22,7 milyon dolları əsas yeri tutan turizm sektorunun payına düşür. 113,1 milyon dollarlıq dolayı gəlirlər içərisində isə ən çox - 14,9 milyon dollar vəsaitlə yenə turizm sektoru birincidir”.

Daha sonra N.Arpadarai jurnalistlərin suallarını cavablandırıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə