Arif Rəhimov: “Builki yarış həftəsonu fərqli olacaq” - AÇIQLAMA

Arif Rəhimov: “Builki yarış həftəsonu fərqli olacaq” - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 2018 Formula 1 Azərbaycan Qran Prisi yarış həftəsonunun ilk gecəsində səhnəyə fank musiqisinin qabaqcıllarından olan Jamiroquai musiqi qrupu çıxacaq. Bununla bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov fikirlərini bildirib.

O, sözügedən məşhur qrupun Bakıda konsert verəcəyinin sevindirici olduğunu vurğulayıb: “2018 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun cümə günü axşam saatlarında baş tutacaq canlı konsert proqramı ilə əyləncəli tədbirlərin açılışını edəcək Jamiroquai qrupunu Bakıda qarşılayacağımız üçün çox şadıq. Dünyada özünəməxsus səsi və yüksək enerjili performansı ilə məşhurlaşmış çox az musiqi qrupu var. Cey Keyin rəhbərliyindəki bu qrup musiqi tarixində istedadlı və nadir sayılan xüsusiyyətlərə malik qruplardan biridir. Onun özü həm də avtomobillərin böyük həvəskardır. Bu qrupun gəlişi yarış həftəsonunun bütün iştirakçıları üçün ən ideal seçimdir və Bakıda sayca üçüncü dəfə keçiriləcək Formula 1 yarışının açılışını bundan daha yaxşı şəkildə qeyd etmək mümkün olmazdı. Bakıda bizimlə birlikdə olmağa çalışın və biletlərinizi indidən əldə etməyə tələsin. Həqiqətən də builki Azərbaycan Qran Prisinin yarış həftəsonu çox fərqli olacaq”.

Qeyd edək ki, bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Bakı Şəhər Halqasından Kristal Zala tamaşaçıların gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.

Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində eksküliziv olaraq iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında və həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə