Azərbaycan Qran Prisində səhnəyə çıxacaq ilk məşhurlar kimdir? - AÇIQLAMA

Azərbaycan Qran Prisində səhnəyə çıxacaq ilk məşhurlar kimdir? - AÇIQLAMA

“2018 Formula 1 Azərbaycan Qran Prisi yarış həftəsonunun ilk gecəsində səhnəyə fank musiqisinin qabaqcıllarından olan Jamiroquai musiqi qrupu çıxacaq”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

O qeyd edib ki, ötən illərdəkindən fərqli olaraq bu il yarış həftəsonunda dünya ulduzlarının iştirakı ilə baş tutacaq axşam konsertləri ilk dəfə olaraq Kristal Zalında keçiriləcək.

N. Arpadarai bildirib ki, yarışın hazırlıq işləri plana uyğun şəkildə aparılır. Onun sözlərinə görə, biletlərin satışı ötən illərə nisbətən sürətlə gedir: “Ənənəvi olaraq, ən çox bilet alanlar Rusiya vətəndaşlarıdır. İkinci yerdə isə Böyük Britaniyadır. Azərbaycan vətəndaşları ilə müqayisədə əcnəbilər daha çox bilet əldə ediblər. Alıcıların çoxu Avropa ölkələrindəndir. Flarmoniya tribunasına olan biletlər tükənmək üzrədir. Azərbaycan vətəndaşları əsasən yarışın başlamasına bir ay qalmış bilet alırlar”.

BŞH rəsmisi qeyd edib ki, yarışın builki əyləncə proqramında şou nümayişləri daha çox olacaq.

Qeyd edək ki, 2018 Formula 1 Azərbaycan Qran Prisinə aprelin 27-də start veriləcək. Yarış ayın 29-da yekunlaşacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə