Futzal üzrə milli komandamız dünən AVRO-2018-in final mərhələsində ilk qrup matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Sloveniyada təşkil olunan qitə birinciliyində yığmamız Fransaya qarşı debüt edib.
Ardıcıl beşinci dəfə nüfuzlu turnirin final mərhələsinə qatılan komandamız qalib gələcəyi təqdirdə, növbəti mərhələyə vəsiqəni təmin edəcəkdi. Çünki qrupun ilk görüşündə fransızlar İspaniya ilə bolqollu heç-heçəyə (4:4) imza atmışdılar. Görüşə aramsız hücumlarla başlayan Joze Alesio da Silvanın yetirmələri erkən qolla yadda qalıblar. Buna baxmayaraq, fransızlar çox keçmədən "status-kvo"nu bərpa ediblər. İlk hissə 1:1 hesabı ilə nəticələnib.
İkinci hissə başlar-başlamaz fransızlar 2-ci dəfə komandamızı mərkəzə dəvət ediblər. Lakin erkən toparlanan millimiz 2 dəqiqə ərzində nəinki bərabərlik qolunu vurub, hətta önə də keçib. Hər iki topun müəllifi olan Bolinya het-trikini rəsmiləşdirib. Digər "braziliyalılarımız" Everton Kardoso və Eduardo Borqes də hərəyə bir dəfə fərqlənərək, yığmamızın inamlı qələbəsinə töhfə veriblər. Rəqibin isə gücü hesab arasındakı fərqi azaltmağa çatıb. Bununla da, Avropa çempionatına uğurlu start götürən Azərbaycan yığması 1/4 final mərhələsinə vəsiqəni rəsmiləşdirib. Qeyd edək ki, bu qrupun son görüşü fevralın 4-də Azərbaycanla İspaniya arasında keçiriləcək.
AVRO-2018
D qrupu
2 fevral
Fransa - Azərbaycan - 3:5
Qollar: Landri Nqala, 6.59; Abdessamad Mohammed, 20.05; Suheyl Muhudine, 39.33 - Bolinya, 2.26, 22.02, 24.30; Everton Kardoso, 28.56; Eduardo Borqes, 37.09
Hakimlər: Angelo Qalante (İtaliya), Alessandro Malfer (İtaliya), Ondrey Çerniden (Çexiya)
Sloveniya, Lyublyana, “Stojica Arena”
Fransa: 1. Camel Harun (q,k), 6. Kevin Ramires, 8. Azdin Ayqun, 20. Suheyl Muhudine, 10. Abdessamad Mohammed, 12. Ba El Maaruf Kerrumi (q), 16. Joevin Duro, 18. Samba Kebe, 2. Sid Belhay, 5. Bulaye Ba, 19. Adrien Qasmi, 14. Samir Alla, 11. Landri Nqala, 7. Mişel de sa Andrade
Baş məşqçi: Pyerr Jake
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Bolinya, 5. Fineo de Araujo, 6. Eduardo Borqes, 13. Everton Kardoso, 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 10. Vassoura, 11. Xətai Bağırov, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov
Baş məşqçi: Joze Alesio da Silva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB