Ötən il Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının idmançıları Azərbaycan və beynəlxalq səviyyəli yarışlardan 20 medal qazanıblar. Əldə olunan uğurlar barədə Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında danışılıb.
İclasda federasiyanın sədr müavini Məmmədcəfər Əliyev çıxış edərək bildirib ki, 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə yaradılan Boks Federasiyasının əvvəllər ancaq Naxçıvan şəhərində bölməsi fəaliyyət göstərirdisə, indi bütün rayonlarda bu idman növünün bölmələri var.
Hazırda boksla 400-ə yaxın yeniyetmə və gəncin məşğul olduğunu vurğulayan Məmmədcəfər Əliyev qeyd edib ki, muxtar respublikada idmana göstərilən diqqət və qayğı nəticəsində məşqçilərdən Elşən Qubuşov, Məmmədəli Eyvazov, Elnur Əliyev, Cavanşir Salayev və İsa Xəlilov əmək fəaliyyətlərinə görə mükafatlandırılıblar.
Həmçinin federasiyanın məşqçi-müəllimlərindən 2 nəfəri “Tərəqqi” medalı və fəxri diplomla, 4 nəfəri “Əməkdar məşqçi”, 1 nəfəri isə “Rəşadətli əməyə görə” medalı ilə təltif olunub.
“2017-ci ildə idmançılarımız ölkədaxili və beynəlxalq turnirlərdə muxtar respublikanı layiqincə təmsil ediblər”, – deyən Məmmədcəfər Əliyev boksçuların son bir ildə 17 müxtəlif idman yarışında iştirak etdiklərini diqqətə çatdırıb.
Sonra çıxış edənlərdən federasiyanın Naxçıvan şəhər bölməsinin məşqçi-müəllimi Məmmədəli Eyvazov, Şərur rayon bölməsinin məşqçi-müəllimi Rasim İsgəndərov və Ordubad rayon bölməsinin məşqçi-müəllimi Müzəffər Həbibov ötən il görülən işlər barədə məlumat veriblər.
Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov çıxış edərək bildirib ki, bu gün muxtar respublikada idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Muxtar respublikanın bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturunun yaradılması gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağını gündən-günə artırmaqdadır.
“Ötən il nazirlik ilə Boks Federasiyasının qarşılıqlı fəaliyyəti nəticəsində muxtar respublika boksçuları beynəlxalq və respublika miqyaslı yarışlarda uğurlu nəticələr qazanıblar. Eyni zamanda, ötən ilin mayında Naxçıvan şəhərində keçirilən “Heydər Əliyev kuboku – 2017” beynəlxalq turniri də uğurlu nəticələrlə yadda qalıb”, – deyən Məcid Seyidov qeyd edib ki, muxtar respublikanın bölgələrində də bu idman növünün inkişafı diqqətdə saxlanılıb, rayon və şəhərlər üzrə açıq birinciliklər təşkil edilib.
İclasa yekun vuran Məmmədcəfər Əliyev qeyd edib ki, nazirlik tərəfindən federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məsələsi də daim diqqətdə saxlanılıb, müxtəlif tarixi məkanlara ekskursiyalar təşkil olunub. Bütün bu görülən işlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən qarşıya qoyulan vəzifələrin icrasının, Boks Federasiyasının nazirliklə birgə məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Vurğulanıb ki, federasiya dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqları 2018-ci ildə də uğurla icra etməyə çalışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB