Dövlətin yüksək diqqət və qayğısı nəticəsində muxtar respublikada bütün sahələrlə yanaşı, şahmatın inkişafı da təmin edilib, onun maddi-texniki bazası möhkəmləndirilib. Bu sözləri Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında federasiyanın sədri Vüqar Səfərov deyib.
Vüqar Səfərov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası yaradılan şəraitdən səmərəli istifadə edərək, 2017-ci ildə şahmatın kütləviliyinin təmin olunması, bu sahədə yüksək peşəkarlıq səviyyəsinə malik mütəxəssislərin formalaşdırılması istiqamətində tədbirlər görüb, şahmatçıların ölkədaxili və beynəlxalq yarışlarda iştirakları təmin edilib.
“Naxçıvan Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr edilmiş beynəlxalq şahmat festivalı, muxtar respublika, şəhər və rayon mərkəzlərində komanda və şəxsi birinciliklər, eləcə də seçmə yarışlar keçirilib”, - deyən federasiyanın sədri bildirib ki, 2017-ci il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə şahmatçımız Pərviz Qasımovun adı gənc istedadların “Qızıl kitabı”na salınıb, o, aylıq təqaüdə layiq görülüb. Həmçinin Toğrul Həsənzadəyə pul mükafatı verilib.
“Ümumiyyətlə, ötən il muxtar respublikada 4 dəfə Naxçıvan Muxtar Respublika birinciliyi, 5 dəfə FIDE-də qeydiyyata düşmüş beynəlxalq reytinqli açıq birinciliklər keçirilib, əlamətdar günlərdə müxtəlif səviyyəli yarışlar təşkil olunub, yarışların qalib və mükafatçılarına diplom və hədiyyələr verilib”, – deyən Vüqar Səfərov, hesabat dövründə Şahmat Federasiyasının 1 beynəlxalq qrossmeysteri, 2 beynəlxalq ustası, 3 FIDE ustası olduğunu diqqətə çatdırıb.
Şərur Rayon Şahmat Məktəbinin direktoru İbrahim Əsgərov yaradılan şəraitə görə minnətdarlığını bildirib və rayonda şahmatın kütləviliyinin təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında qeyd edib ki, ötən il nazirlik Şahmat Federasiyası ilə birgə bir çox tədbirlər həyata keçirib, bu idman növü üzrə uğurlu nəticələr əldə edilib. Hər il ənənəvi olaraq keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş Beynəlxalq Şahmat Festivalı ilin mühüm idman tədbirlərindən biri olub. Sevindirici haldır ki, muxtar respublikanın 8 şahmatçısı da bu turnirin mükafatçıları sırasında yer alıb. Ümumilikdə, ötən il şahmat üzrə keçirilən beynəlxalq yarışlarda federasiya idmançılarının çıxışını qənaətbəxş hesab etmək olar. Beynəlxalq və respublika miqyaslı yarışlarda qazanılan nailiyyətlər Naxçıvanda bu idman növünün inkişafının əsas göstəricisidir.
“Nazirlik və federasiyanın birgə fəaliyyətinin əsas istiqamətlərindən biri şahmatın muxtar respublikada tədrisini təşkil etməkdir. Bu məqsədlə Bakı şəhərindən dəvət edilmiş mütəxəssislər yerli məşqçi-müəllim heyəti ilə birgə seminarlar keçirib, onların metodik vərdişləri təkmilləşdirilib” - deyən nazir vurğulayıb ki, məhz görülən işlərin məntiqi nəticəsi olaraq, artıq bu ilin ilk günlərində Naxçıvan şahmatçısı Sadiq Məmmədov FIDE ustası dərəcəsi əldə edib.
İclasa yekun vuran Şahmat Federasiyasının sədri Vüqar Səfərov yaradılan şəraitdən düzgün istifadə edərək 2018-ci ildə də yeni şahmatçılar nəslinin yetişdirilməsinə nail olacaqlarına, ölkə və beynəlxalq yarışlarda muxtar respublikanın adını qaliblər sırasına yazdıracaqlarına əminliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB