"Qızıl oyun"a ehtiyac qalmadı

Otüstü hokkey üzrə sayca IX Azərbaycan çempionatında növbəti turların oyunları keçirilib. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yüksək dəstədə çıxış edən "Akkord" komandasının yarışların başa çatmasına 2 tur qalmış qızıl medalları özünə təmin etməsi hokkeyçilərin "Şahdağ"la (Qusar) görüşdə arxayınlaşmasına səbəb olub. Bu da şirkət təmsilçisinin məğlubiyyəti ilə nəticələnib. Ötən ilin çempionu "Ataspor" XI turda "Gənclik" üzərində qələbə qazansa da, onun 2-ci yeri tutması məsələsi də mürəkkəbləşib.

 

Cari turda birinci dəstədə mübarizə aparan Nizami RİOEUGİM və "Gəncə" komandalarının əyani qarşılaşması  prinsipial əhəmiyyət daşısa da paytaxt hokkeyçiləri gəncəlilərin 3 xalı 3 cavabsız qolla qazanmasına mane ola bilməyiblər. Çempionatın sonuncu turu ərəfəsində hər 2 komanda 27 xalla cədvəlin önündədir. Onlardan hansının elitaya çıxmaq üçün "Pley-off"da yüksək dəstədə sonuncu yeri tutan komandaya rəqib olacağı yalnız oktyabrın 30-da keçiriləcək axırıncı turun oyunlarının yekununda bəlli olacaq. Həmin gün gəncəli hokkeyçilərin "Göytəpə"yə görə mübarizəsiz 3 xal qazanacağı gün kimi aydındır. Ancaq Nizami RİOEUGİM hokkeyçilərini 13 top fərqi ilə məğlub edəcəyi bir qədər inandırıcı görünmür. Ötən şənbə günü XI turda "Kür" çempionatdakı çıxışlarını dayandıran "Göytəpə" ilə oyuna görə texniki qələbə qazanıb.

 

İkinci dəstədə çıxış edən kişi komandaları, eləcə də qadın hokkeyçiləri bazar günü çempionatı başa çatdırıblar. II dəstədə "Olimp" "Xəzər"i, "Təhsil" isə "Astara"nı məğlubiyyətə uğradıb. Bu dəstədən keçirdiyi bütün oyunları qələbə ilə başa vuran Sumqayıtın "Təhsil" komandası "pley-off"da iştirak etmədən gələn mövsümdən I dəstədə yarışmaq hüququ qazanıb. Onu da xatırladaq ki,"Təhsil"in heyətinin 90%-ni Azərbaycanın 16 yaşlılardan ibarət seçmə komandasının üzvləri təşkil edir.

 

Qadınların yarışında ötən ilki Azərbaycan çempionu "Atasport - 2" sonuncu turda  Nizami RİOEUGİM-lə oyunda yalnız qələbə sayəsində rəqibi ilə xallarını bərabərləşdirib "qızıl oyuna" ümid bəsləyə bilərdi. Lakin ötən mövsümü 3-cü yerdə başa vuran Nizami rayonunun hokkeyçiləri bu il hamıdan güclü olduqlarını bir  daha sübuta yetirərək prinsipial matçı heç-heçə başa çatdırıblar. Beləliklə. "Atasport"un arzuları reallaşmadı və "qızıl oyuna" da ehtiyac qalmadı. Sonuncu turdun digər oyunlarına gəlincə, sumqayıtlılar "Şahdağ", "Bakı" isə "Xəzər" üzərində qələbə qazanıblar.

 

      T U R U N   S T A T İ S T İ K A S I:

 

                 Yüksək dəstə (kişilər)

 

     "Atasport" (Bakı) - "Gənclik"(Sumqayıt) - 4 : 2

 

    Qollar: Əmrah Nuriyev 6,64, Dmitri Yayiçnikov 51, Zöhrab Almirzəyev 58("Atasport"), Əli Nadirov 24,57 ("Gənclik")

 

     "Akkord"(Bakı) - "Şahdağ"(Qusar) - 1 : 3

 

   Qollar: Rauf Şükürov 4 ("Akkord"), Baba Səfərov 48,52, Anar Pirsaatov 67("Şahdağ")

 

  Bombardir: Saleh Balamiyev ("Akkord") 26 qol

 

                     Birinci dəstə (kişilər)

 

    Nizami RİOEUGİM - "Gəncə" - 0 : 3

 

     "Kür"(Mingəçevir) - "Göytəpə"(Cəlilabad) - 5+:-0

 

                   İkinci dəstə (kişilər)

 

   "Olimp" (Masallı) - "Xəzər"(Lənkəran) - 2 : 0

 

    "Astara" - "Təhsil"(Sumqayıt) - 0 : 8

 

                        Qadınlar

 

    "Atasport - 2" - Nizami RİOEUGİM - 0 : 0

 

      "Şahdağ"(Qusar) - "Sumqayıt" - 0 : 2

 

    Qollar: Günay Əliyeva 28,Təranə Namazova 45

 

      "Bakı" - "Xəzər" (Lənkəran) - 5 : 0

 

     Qollar: Amaliya Həsənova 34,47, Ceyhunə Məhərrəmova 35,65, Samirə Zeynalova 53

 

    Bombardir: Nəsibə Safayeva (Nizami RİOEGİM)  21 qol

Bütün xəbərlər Facebook səhifəmizdə