Azərbaycan kikboksçusu peşəkarlar arasında dünya kəmərinə sahib olub

Azərbaycan kikboksçusu peşəkarlar arasında dünya kəmərinə sahib olub

Azərbaycan kikboksçuları Heydər Əliyev adına Bakı İdman Konsert Kompleksində keçirilən Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO) versiyası üzrə Avropa çempionatında 11 medal qazanıblar (3 qızıl, 4 gümüş və 4 bürünc).

SİA-nın məlumatına görə, təmsilçilərimizdən fəxri kürsünün ən yüksək pilləsinə Elçin Bayramov (51 kq, lou-kik), Elşad Ələsgərov (51 kq, K-1) və Elnur Dəryagir (60 kq, K-1) çıxıblar. Gümüş mükafatlara Sərxan Mədətov (57 kq, lou-kik), Eduard Məmmədov (60 kq, lou-kik), Ağalar Sadıqzadə (86 kq, K-1) və Zamiq Atakişiyev (91 kq, K-1) sahib olublar. Bürünc medalları isə komandamıza Turan Qafarov (54 kq, K-1), Emin Kərimov (63,5 kq, lou-kik), Seyran Qurbanov (69 kq, veteranlar), Albert Qəribov (84 kq, veteranlar) qazandırıblar.

Həmin gün Bakıda lou-kik versiyası üzrə peşəkarlar arasında iki döyüş keçirilib. Bu görüşlərin birində Azərbaycan kikboksçusu, "Kobra" ləqəbli Pərviz Abdullayev 71 kq çəki dərəcəsində rusiyalı Vladimir Şulyaka qalib gələrək dünya kəmərinə sahib olub. Digər görüşdə 79 kq çəki dərəcəsində yunan İoannis Sofokleos və fransız Anan Sedrik qarşılaşıblar. Bu qarşılaşma yunan kikboksçunun xeyrinə başa çatıb.

Heydər Əliyev adına Bakı İdman Konsert Kompleksində 32 ölkədən 440 idmançı kikboksinqin lou-kik, K-1 və layt-kontakt versiyası üzrə mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə