Yanvarın 26-28-də İsveçrənin St.Moritz şəhərində Qar Polosu üzrə sayca 34-cü Dünya Kuboku keçirilib. SİA-nın məlumatına görə, yarışda yerli “Badrutt’s Palace” klubu ilə yanaşı, “Cartier”, “Maserati” və “Odlar Yurdu Azərbaycan” komandaları da iştirak edib.
Turnirin ilk oyununda meydana “Cartier” və “Badrutt’s Palace” komandaları çıxıblar. Oyun “Cartier” poloçularının 5:2 hesablı qələbəsi ilə başa çatıb.
İkinci oyunda “Maserati” və “Odlar Yurdu Azərbaycan” komandaları qarşılaşıblar. Gərgin keçən oyun “Maserati” komandasının 2:1.5 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnirin ikinci günü də azarkeşlər maraqlı mübarizənin şahidi olublar. Əvvəlcə “Cartier” və “Maserati” komandaları üz-üzə gəliblər. 2017-ci ilin qalibi “Cartier” bu dəfə də inamla çıxış edərək qarşılaşmanı 3.5:2 hesabı ilə öz xeyirinə başa vurub. Nəticədə komanda oyunun qalibi üçün nəzərdə tutulmuş “Maserati Kuboku”nu qazanıb.
Günün ikinci oyununda isə “Odlar Yurdu Azərbaycan” komandası və “Badrutt’s Palace” poloçuları üz-üzə gəliblər. İlk oyunda məğlub olan komandamız bu dəfə daha qətiyyətlə çıxış edərək 9:4 hesabı ilə üstün olub və bu qarşılaşmanın qalibi üçün nəzərdə tutulmuş “Deutsche Bank Challenge” kubokuna sahib çıxıb.
Turnirin final mərhələsində isə əvvəlcə bürünc mükafatın sahibi məlum olub. “La Martina kuboku” uğrunda “Odlar Yurdu Azərbaycan” və “Badrutt’s Palace” komandaları görüşüblər. Yarışda ilk dəfə iştirak etməsinə baxmayaraq, ardıcıl ikinci qələbəsini qazanan “Odlar Yurdu Azərbaycan” komandası “La Martina kuboku”na sahib olub.
Final oyununda isə meydana “Cartier” və “Maserati” komandaları çıxıblar. “Cartier” komandası rəqibini 4.5:4 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə “Cartier Trophy” Dünya Kubokunu qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB