Ötən il muxtar respublika atletlərinin 5 respublika səviyyəli idman yarışlarında iştirakı təmin olunub və idmançılarımız bu turnirlərdə 20 medal qazanıblar. Bu faktlar Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda səsləndirilib.
İclasda çıxış edən federasiyanın sədri Rövşən Məmmədov bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafına da xüsusi diqqət yetirilir. Hər il istifadəyə verilən onlarla tikili arasında idman obyektləri mühüm yer tutur. Yüngül Atletika Federasiyası yarandığı gündən muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Ötən il nəzərdə tutulan idman yarışlarının yüksək səviyyədə hazırlanmasına və keçirilməsinə nail olunub. Keçirilən yarışlarda 10-dan artıq komanda, 200-dək idmançı iştirak edib.
“Hazırda federasiyanın nəzdində iki klub və 23 şəhər, rayon bölmələri fəaliyyət göstərir. Həmin bölmələrdə yaradılan 64 qrupda 682 idmançı müntəzəm olaraq məşqlərdə iştirak edir. Bunlardan 280-i qız, 402-si isə oğlandır. Klub və bölmələrdə idmançılarla 11 məşqçi-müəllim məşğul olur”, - deyən Rövşən Məmmədov qeyd edib ki, 2017-ci ildə federasiya tərəfindən 21 muxtar respublika əhəmiyyətli yarış keçirilib. Bunlardan 5 kilometr məsafəyə marafon qaçışını, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında zona, ümumrespublika və rayon birinciliklərini, məktəblilər arasında “Şən startlar” əyləncəli oyunlarını göstərmək olar. Yarışlarda 4 mindən çox oğlan və qız iştirak edib. Bundan əlavə, idmançılarımız muxtar respublikadan kənarda keçirilən 5 yarışda uğurlu nəticələr əldə ediblər.
Tədbirdə çıxış edən federasiyanın sədr müavini İntiqam Rəhimov ötən il keçirilən tədbirlər barədə hesabat verib. Daha sonra Yüngül Atletika üzrə Naxçıvan Muxtar Respublikasının oğlanlardan ibarət yığmasının baş məşqçisi Zamin Rüstəmov, qızlardan ibarət yığmanın baş məşqçisi Həlimə Əmiraslanova, Sədərək və Ordubad rayon komandalarının məşqçiləri Kamil Hüseynov və Ələvsər Əliyev çıxış edərək, ötən il qazanılan uğurlardan danışıblar.
Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, 2017-ci ildə nazirlik Yüngül Atletika Federasiyası ilə birgə müvafiq idman növünün inkişafı və idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsini diqqət mərkəzində saxlayıb və federasiya ilə bərabər bu sahədə çoxsaylı tədbirlər həyata keçirib.
Bildirilib ki, ötən il muxtar respublika ərazisində yüngül atletika üzrə 19 idman müsabiqəsi təşkil olunub. Bu tədbirlər sırasında may ayında ulu öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev kuboku” idmanın bu növü üzrə kütləviliyin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Sözügedən turnirdə 400-dək yeniyetmə və gənc iştirak edib.
Tədbirə yekun vuran Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov 2018-ci ildə federasiyanın nailiyyətlərinin daha da artacağına ümidvar olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB