Bakı şəhəri üzrə mini-futbol turnirinə yekun vurulub

Bakı şəhəri üzrə mini-futbol turnirinə yekun vurulub

Azərbaycan Respublikasında "2005–2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı, məhəllələrdə və digər yaşayış yerlərində futbolun kütləviliyinin genişləndirilməsi, həmçinin uşaq və yeniyetmələr arasında futbolun inkişafı ilə əlaqədar 11-22 oktyabr 2010 – cu il tarixdə Nərimanov rayonu 200 saylı məktəbin futbol meydançasında "18 oktyabr – Dövlət Müstəqilliyi günü"nə həsr olunmuş məhəllələrarası mini-futbol üzrə Bakı şəhər turniri keçirilib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu ilin iyun – sentyabr ayları ərzində Baş İdarə tərəfindən Bakı şəhərinin 11 inzibati rayonu, həmçinin Şuşa, Laçın və Zəngilan rayonları üzrə məhəllələrarası mini-futbol turnirləri keçirilib, bu turnirlərdə 1700-ə yaxin uşaq və yeniyetmə iştirak edib. Rayonlar üzrə keçirilmiş yarışların qalib komandalarının qatıldığı Bakı şəhər turnirində 140 nəfər iştirak edib.

III yer uğrunda keçirilən oyunda Xəzər rayonunu komandası Sabunçu rayon komandasına 11-10 hesabı ilə qalib gəlib, final oyununda isə Yasamal rayon komandası Xətai rayon komandasını 7-4 hesabı ilə üstələyib. Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilib.

Tədbirdə Baş İdarənin rəis müavini Rəşad Əliyev, Regional Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Şöhrət ordenli İsgəndər Cavadov, Neftçi Futbol Veteran klubunun nümayəndələri Asif Əliyev, Akif Əliyev, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhələlərarası mini-futbol turnirinin böyük rol oynadığını, Respublika Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş Futbolun İnkişafına dair Dövlət Proqramının bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildiriblər.

Tədbirin sonunda qalib komandaların üzvləri, turnirin hakimləri, həmçinin ən yaxşı oyunçu, ən yaxşı qapıçı və ən yaxşı məşqçi-müəllim nominasiyası üzrə idmançılar Baş İdarə tərəfindən futbol formaları, müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri, kuboklarla təltif olunub, 200 saylı məktəbin rəhbərliyinə futbol topları və tor hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə