Bir neçə gündür ki, Beynəlxalq Hokkey Federasiyasının prezidenti Leandro Neqre, habelə Avropa Hokkey Federasiyasının prezidenti Martin Koteric və baş katib David Balberni ölkəmizə işgüzar səfərə gəliblər. Azərbaycan Otüstü Hokkey Federasiyasının (AZOHF) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, rəsmi qonaqlar AOHF-nın rəhbərləri ilə mövcud əməkdaşlıq çərşivəsində görüşlər keşirdikdən sonra dünən Gənclər və İdman Nazirliyində də (GİN) olublar.
GİN-də qonaqlar nazir müavini İsmayıl İsmayılovla görüşüblər. Qəbulda nazirliyin İdman şöbəsinin rəisi Mirkamil Rəhimov və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi İlham Mədətov da iştirak edib.
Azərbaycanda idmana göstərilən dövlət qayğısı, idmançılarımızın son illərdə əldə etdikləri uğurlar, habelə ölkəmizdə yeni istifadəyə verilən olimpiya idman kompleksləri barədə məlumat verən İ.İsmayılov AOHF-nın fəaliyyətini xüsusi qeyd edərək, onun respublikamızda ən qabaqcıllardan biri olduğunu söyləyib.
Nazir müavini federasiyanın prezidenti Fazil Məmmədovun və vitse-prezident Namiq Əliyevin həm də Güləş Federasiyasına rəhbərlik edərək yüksək nailiyyətlər qazanmalarını idman sahəsindəki dövlət siyasətinin uğurla həyata keçirilməsinin bariz nümunəsi olduğunu da qeyd edib.
O güləş yarışlarında olduğu kimi, otüstü hokkeydə də bugünkündən daha çox uğurlar əldə ediləcəyinə ümidvar olduğunu bildirib. İ.İsmayılov qadın otüstü hokkeyçilərdən ibarət milli komandamızın 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacağını arzulayaraq bu işdə beynəlxalq və Avropa Hokkey Federasiyaları ilə əməkdaşlığa böyük önəm verildiyini də dilə gətirib.
Yüksək səviyyəli qəbula görə minnətdarlığını bildirən Beynəlxalq Hokkey Federasiyasının prezidenti L.Neqre Azərbaycanda otüstü hokkeyin misilsiz inkişafına yardım göstərən hər kəsi təbrik edib və minnətdarlığını bildirib.
Avropa Hokkey Federasiyasının prezidenti Martin Koteriç isə "İnanırıq ki, güləşdə olduğu kimi, yaxın vaxtlarda Azərbaycan hokkeyində də hissediləcək canlanma baş verəcək. Mən bir ingilis vətəndaşı olaraq sizin qadın otüstü hokkeyçilərdən ibarət milli komandanızı 2012-ci ildə Londonda salamlamaqdan böyük məmnunluq duyardım"- deyə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB