Azərbaycanlı stayer Avrasiya marafonunda 11-ci olub

Azərbaycanlı stayer Avrasiya marafonunda 11-ci olub

Türkiyənin ən böyük şəhəri İstanbulda yüngül atletika üzrə marafon yarışları keçirilib. SİA-nın məlumatına görə, yarışlarda dünyanın 84 ölkəsindən 100 minə yaxın atlet iştirak edib. Son 4 ildə ilk dəfə idi ki, yarışlar yağışsız havada keçirdi. Bunun sayəsində həm kişilərin, həm də qadınların rekord nəticələri yaxşılaşdırılıb.

Azərbaycanlı qaçışçı Tilaxun Əliyev finişə 2:29:46 saniyə nəticə ilə gəlib çatmış, bu isə onun 11-ci yeri tutmasına imkan verib. Tilaxun distansiyanın yarısına qədər liderlər arasında idi, lakin bundan sonra o, əvvəlki sürəti saxlaya bilməyərək geri qalıb.

Kişilər arasında bu trasın rekordunu 21 saniyə yaxşılaşdırmış keniyalı Vinsent Kiplaqat 2:10:39 saniyə nəticə göstərərək qalib gəlib. Qadınlar arasında finiş xəttinə birinci çatan efiopiyalı Aşu Kasim olub – 2:27:25.

Avrasiya marafonu yeganə qitələrarası marafondur ki, onun iştirakçıları İstanbulun şərq hissəsindən Bosfor körpüsündən keçərək şəhərin qərb hissəsinə qaçmalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə