Əsgər və zabitlər arasında tennis turniri keçirilib

Əsgər və zabitlər arasında tennis turniri keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Ədliyyə Nazirliyinin Penitensiar xidmətin birgə tədbirlər planına əsasən Penitensiar xidmətinin konvoy taburunda əsgər və zabit heyəti arasında "18 oktyabr – Dövlət Müstəqilliyi Günü" nə həsr olunmuş stolüstü tennis üzrə turnir keçirilib. Baş İdarənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, turnirin açılışında Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəis müavini ədliyyə mayoru İntiqam Əliyev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək keçirilən tədbirlərin əsgər və zabitlərin asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulayıb, turnir iştirakçılarına uğurlar diləyiblər. Kanvoy taburunun komandiri, ədliyyə mayoru Bəhruz Abdullayev çıxış edərək şəxsi heyəti bayram münasibəti ilə təbrik etmiş, dövlətimiz tərəfindən əsgərlərə göstərilən qayğının daim artırılmasını, həmçinin onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün bu tipli tədbirlərin təşkil olunmasını yüksək qiymətləndirərək, təşkilatçılara minnətdarlığını bildirib. Taburun əsgər və zabitlərindən ibarət 10 komandanın iştirak etdiyi turnirdə I yeri "Karvan", II yeri "Azəri", III yeri isə "Zirvə" komandası tutub.
Turnirdə I, II və III yerə layiq görülmüş komandaların üzvləri Baş İdarə tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunublar. Konvoy taburuna stolüstü tennis raketkaları, tor və toplar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə