Şəfəq Hüseynli: “2017-ci ildə 471 dopinq test keçirilib”

Şəfəq Hüseynli: “2017-ci ildə 471 dopinq test keçirilib”

“2017-ci ildə il həndbol idmanı üzrə 2, atletika 2, velosiped 3, bodibildinq 3 və ağır atletika üzrə 1 dopinq testi müsbət çıxıb”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli deyib.

Onun sözlərinə görə, müsbət nəticədən başqa, yoxlamalar zamanı şübhəli nəticə sayılan atipik nəticə də olub: “Bodibildinq idman növündə 1 bu cür hala rast gəlinib”.

Ş.Hüseynli bildirib ki, antidopinq qaydalarına əsasən yalnız müsbət nəticə pozuntu deyil. O qeyd edib ki, il ərzində qadağan edilmiş maddənin istifadəsi halları 1, dopinq nəzarətindən imtina 2, könüllü şəkildə etiraf 1 və məkan məlumatı pozuntusu halları isə 8 dəfə baş verib. Aşkarlanan qadağan edilmiş maddələr müxtəlif olub. 9 idmançıda anabolik vasitələr, 3-də hormon və metabolik modulyatorlar, 2-də diuretiklər və gizlədici maddələr, 2-də stimulyantlar və 1-də narkotiklər aşkarlanıb. Bir idmançıda isə 7 müxtəlif steroid aşkarlanıb”.

Qurumun rəhbəri məlumat verib ki, Milli Antidopinq Proqramı çərçivəsində 2017-ci ildə ümumilikdə 471 test keçirilib: “Bunlardan 278-i yarışdan kənar müddətdə (57 qan və 221 sidik nümunəsi), 193-ü yarış müddətində edilib. Əlavə olaraq, 12 idmançının bioloji pasportu yaradılıb. (İdmançının bioloji pasportu 12 ay ərzində idmançıdan azı 3 dəfə dopinq testinin götürülməsi deməkdir.) Milli proqramdan kənar beynəlxalq federasiyalar tərəfindən müraciətlər olur və onların müraciətləri əsasında AMADA test keçirir. 2017-ci ildə ümumilikdə 207 test sifariş olunub və bunlardan 167-i yarış müddətində, 40-ı yarışdan kənar təşkil edilib. 6 futbol oyunu zamanı 27 test, eyni zamanda, oyundan kənar 21 test keçirilib. Bütün bu testlərin keçirilməsi üçün 93 missiya tələb olunub. Bu missiyalar 471 test, 334 idmançı, 22 idman növü və 3 paralimpiya idman növünü əhatə edib”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə