Bu gün gənclər və idman naziri Azad Rəhimov media nümayəndələri ilə görüşüb. SİA-nın məlumatına görə, nazir jurnalistlərə idman və gənclər sahələrində 2017-ci ildə görülmüş işlər haqqında məlumat verib.
A.Rəhimov bildirib ki, ölkədə 219 respublika yarışı təşkil edilib, 55 beynəlxalq yarış keçirilib, 234 beynəlxalq yarışda ölkə yığma komandaların iştirakı təmin olunub: "İdman növləri üzrə yığma komandalar 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışında iştirak ediblər. 2017-ci il ərzində dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 347 qızıl, 236 gümüş və 268 bürünc medal əldə edilib. Cəmi 851 medal qazanılıb. 2017-сi il ərzində ayrı-ayrı idman növləri üzrə 92 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib. O cümlədən, 7 nəfər ali, 84 nəfər birinci, 1 nəfər ikinci kateqoriya alıb. Bundan başqa, 12 nəfərə “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası”, 12 nəfərə “Respublika Dərəcəli Hakim”, 41 nəfərə “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi”, 23 nəfərə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” adı verilib, 61 nəfər isə İdman ustası normasını yerinə yetirib. 3 nəfərə isə dublikat vəsiqə təqdim edilib".
Nazir qeyd edib ki, idman növləri üzrə yığma komandaların hazırlığı ilə əlaqədar 660-dan artıq idmançının “Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunda” və “Respublika İdman Tibb Mərkəzində” müayinə və müalicəsi aparılıb.
O, müxtəlif idman yarışlarında qazanılan medallar haqqında məlumat verib: "Bokçularımız Almaniyada keçirilən kişilər arasında dünya çempionatında 2 medala: 1 qızıl və 1 bürünc medala layiq görülüblər. Yığma komandanın lideri Məhəmmədrəsul Məcidov 3-cü dəfə dünya çempionu adına layiq görülüb. Türkiyənin Antalya şəhərində gənclər arasında keçirilən Avropa birinciliyində boksçularımız komanda hesabında IV olublar, 2 qızıl və 2 bürünc medalla Vətənə dönüblər. Koreya Respublikasında keçirilən taekvondo üzrə böyüklər arasında dünya çempionatında Milad Beigi Harçeqani və Məhəmməd Məmmədov qızıl medala layiq görülüblər. Kiprin Larnako şəhərində taekvondo idman növü üzrə gənclər arasında Avropa çempionatında 1 qızıl. 1 bürünc medal qazanılıb. Fransanın Paris şəhərində keçirilən dünya çempionatında 1 qızıl, 2 bürünc medal əldə olunub.Hacı Əliyev 3-cü dəfə Dünya çempionu olub. Finlandiyanın Tampere şəhərində keçirilən güləş üzrə gənclərin dünya birinciliyində 1 qızıl, 1 gümüş, 5 bürünc medal qazanılıb. Macarıstanda keçirilən dünya çempionatında cüdo üzrə böyüklərdən ibarət yığma komanda 2 gümüş, 2 bürünc medal qazanıb. Yığma komanda Sloveniyanın Maribor şəhərində gənclərin Avropa birinciliyində 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb. Komanda hesabında yığmamız I yerə layiq görülüb. Qeyri-olimpiya idman növlərindən universal döyüş növünün müxtəlif versiyaları üzrə Ukraynada keçirilən Avropa çempionatında 7 medal - 2 qızıl, 2 gümüş, 3 bürünc medal əldə olunub. Rusiyanın Stavropol şəhərində tamblinq gimnastikası üzrə Açıq Rusiya turniri keçirilib. Yığma komanda 3 nəfər tərkibdə Mixail Malkin, Tofiq Əliyev və Adil Hacızadə öz yaş qruplarında 3 qızıl medala layiq görülüblər. Tayvanın Taypey şəhərində Tələbələrin 29-cu Ümumdünya Yay Universiadası keçirilib. Ölkəmiz yarışa 29 nəfərlik nümayəndə heyyəti iəl qatılıb. 21 idman növündə olkəmizin tələbə-idmançıları 4, o cümlədən, atletika, ağır atletika, cüdo, taekvando idman növlərində iştirak ediblər".
Onun sözlərinə görə, universiada yarışlarında 134 ölkədən 7734 idmançı 21 idman növü üzrə 271 medal dəsti uğrunda tələbə-idmançılar yarışlara qatılıblar: "Belə ki, 4 idman növündə 8 medala (3 qızıl, 1 gümüş, 4 bürünc) layiq görülüblər. Rusiyanın Ulyanovsk şəhərində MDB-yə üzv dövlətlərin milli idman növləri üzrə I Festival və idman oyunları keçirilib. Festivalda sambo, kəmər güləşi, mas-reslinq üzrə milli komandalarımız ölkəmizin idman şərəfini qoruyub. İdmançılarımız ümumilikdə 21 medal qazanıblar. Medallardan 5-i qızıl, 6-sı gümüş, 10-u isə bürünc olub. Beləliklə 2017-ci ilin ikinci yarısında 48 qızıl, 38 gümüş və 56 bürünc medal təkcə rəsmi yarışlarda qazanılıb (dünya, Avropa).
A.Rəhimov vurğulayıb ki, 2017-2020-ci illər üçün Azərbaycan Respublikasının Vahid İdman Təsnifatı hazırlanıb: "Azərbaycan Respublikası idmançılarının XXXII Yay Olimpiya Oyunlarına Hazırlıq Konsepsiyasının lahiyəsi, 2018-ci il üçün idman növləri üzrə yığma komandaların idmançı və məşqçi heyətinin siyahıları hazırlanıb".
Daha sonra nazir Gənclər sahəsində görülmüş işlər haqqında danışıb: "Ümumilikdə 2017-ci il ərzində 141 tədbir keçirilib, onlardan 123 -ü yerli, 18-i isə beynəlxalq səviyyəli olub. Gənclər təşkilatlarının 109 layihəsi maliyyələşib, 261 nəfər xarici ölkələrə ezam olunub, 2334 nəfər isə Azərbaycan Respublikasında qəbul edilib.
2 fevral 2017-ci il tarixdə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 nəfər gənc "Gənclər üçün Prezident Mükafatı" ilə təltif edilib. 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə 28 nəfər istedadlı və yaradıcı gənc Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb. Balakən rayonu 2017-ci ildə Azərbaycanın Gənclər Paytaxtı elan olunub.
7 iyul 2017-ci il tarixdə Şirvan şəhərində Nazirlik tərəfindən inşa edilmiş Gənclər Evi istifadəyə verilib. Bununla ölkədə Gənclər Evinin sayı 40-a çatıb, onlardan 14-ü Gənclər və idman nazirliyinin tabeliyindədir.
“Xocalıya Ədalət” kampaniyasına dəstək məqsədi ilə və “31 mart - Azərbaycanlıların Soyqırımı günü” münasibəti ilə 27-31 mart 2017-ci il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı tərəfindən sosial şəbəkələrdə onlayn kampaniya keçirilib.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə birgə “Gənc alim və mütəxəssislərin 4-cü xüsusi “Mənim ilk qrantım” adlı müsabiqə keçirilib.
Bakı şəhərində İntellektual oyunlar üzrə “Xəzər Kuboku” VI Beynəlxalq turnir keçirilib. Turnirdə 7 ölkədən 200-dək gənc iştirak edib.
Gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialını nümayiş etidirmək üçün əlverişli şərait yaratmaq məqsədi ilə "İdeya var!" gənclərin I Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsi keçirilib. Müsabiqəyə 4 nominasiya üzrə təqdim edilmiş 273 layihədən ən yaxşı 12 qalib layihə sərgilənib. Qaliblərə pul mükafatları və diplomlar təqdim edilib.
Qəbələ rayonunda 13-cü Dünya Skaut Gənclər Forumu və 13-19 avqust 2017-ci tarixlərdə Bakı şəhərində 41-ci Dünya Skaut Konfransı keçirilib. Hər iki tədbirdə 166 ölkədən 1500-dən artıq skaut iştirak edib. Bu 140 milyonluq Dünya Skaut Konfransının 100 illik tarixində ən geniş sayda tədbir olub.
2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” ilə əlaqədar Albaniya, Bosniya-Herseqovina, İndoneziya, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Misir, Özbəkistan, Pakistan, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkiyə gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqəsi keçirilib. 67 xarici qalibin Azərbaycana səfərləri təşkil olunub.
Gənclərin beynəlxalq mübadilə proqramları çərçivəsində Koreya Respublikasının gənclərdən ibarət nümayəndə heyəti Azərbaycana, Azərbaycan nümayəndə heyətinin isə Koreya Respublikasına səfərləri ezam edilib.
Bakı şəhərində “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı V Azərbaycan- Rusiya Beynəlxalq Gənclər Forumu keçirilib.
Nazir beynəlxalq əlaqələr sahəsində görülmüş işlər barəsində də məlumat verib: "Cari ildə Nyu-York şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının “Yoxsulluğun aradan qaldırılması və dəyişən dünyada tərəqqinin təşviqində gənclərin rolu” mövzusunda keçirilmiş 6-cı Gənclər Forumu, Türk Şurasının Gənclər və İdmana məsul nazirlərinin II iclası, Rusiya Federasiyasının Kazan şəhərində YUNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Məmurların növbəti Beynəlxalq Konfransı, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclər Forumunun “Müsəlman gənclərin vəziyyəti” mövzusunda beynəlxalq konfransı, Rusiya Federasiyasının Moskva şəhərində keçirilmiş gənclər siyasətinin həyata keçirilməsinə məsul orqanların rəhbərlərinin və nazirlərin beynəlxalq görüşü, Zaqreb şəhərində keçirilmiş Avropa Olimpiya Komitələrinin 46-cı Baş Assambleyası, Monako krallığında keçirilən Sülh və İdman Beynəlxalq Forumunun 10-cu iclasına və digər mötəbər tədbirlərə nazir Azad Rəhimov və nazirliyin digər əməkdaşları qatılıb".
Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Qətər Dövlətinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Dohada gənclər və idman sahələrində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu” imzalanıb:"Ötən müddət ərzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Çex Respublikası Təhsil, Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş” layihəsi hər iki ölkədə razılaşdırılıb".
A. Rəhimov bu il istifadə verilən idman obyektləri ilə bağlı məlumatları açıqlayıb. O bildirib ki, 2010-ci ildə Şirvan şəhərində Gənclər evinin, Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi başa çatdırılmış və bu obyektlər istifadəyə verilib, Lənkəran rayonunda Olimpiya İdman Kompleksinin yenidən qurulması işləri davam etdirilib.
Tikintisinə başlanmış və inşası davam edən obyektlərə gəlincə nazir qeyd edib ki, bu il ərzində Qala qəsəbəsində və Yardımlı rayonunda İdman Kompleksləri, Tərtər, Neftçala və Goranboy rayonlarında Olimpiya İdman Kompleksləri, Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyinin, Şəki şəhərində, Quba, Bərdə və Şamaxı rayonlarında Gənclər evləri, Buzovna, Türkan, Qobustan, Qaraçuxur və Bülbülə qəsəbələrində idman zalları, cari ildə Bakıda təşkil edilən Formula 1 “Azərbaycan Qran-Prisi”nə hazırlıqla əlaqədar müvəqqəti konstruksiyalardan istifadə etməklə Azadlıq meydanında PİT binasının və digər bina, konstruksiyaların tikinti-quraşdırma işləri aparılıb.
IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi obyektlərdə konstruksiyaların tikinti-quraşdırma işləri aparılıb".
Sonda nazir media nümayəndələrinin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB